Bakı.Trend:
Xalqımızın mədəni irsi təkcə maddi-mədəni abidələrlə məhdudlaşmır, həmçinin qeyri-maddi mədəni irsimizin özünəməxsus abidə və elementləri də vardır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” və ya “Azərbaycan əraziləri haqqında etno-coğrafi hay-erməni hiylə və fitnələr”i mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, təəssüf olsun ki, Qərbi Azərbaycanda xalqımıza xas olan zəngin irs nümunələri, o cümlədən aşıq sənəti və digər qeyri-maddi mədəni irsimizin nümunələri qəsdən dağıdılmış, mənimsənilmiş və xalqımız bu hüquqlardan məhrum edilib.
"Bu səbəbdən bu irsin beynəlxalq aləmdə tanıdılması vacibdir:
Qeyd etmək istərdim ki, UNESCO-nun Ümumdünya İrs Siyahısında Azərbaycanın 5-ci qeyri-maddi mədəni irs nümunəsi yer alır. Bu siyahılarda hazırda 24 element qeyd olunub ki, bu da ölkəmizin zəngin irsə malik olduğunu sübut edir.
Mədəni irsimizin tanıdılması ilə bağlı daha bir xoş xəbəri sizinlə bölüşmək istərdim. Belə ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qərarı ilə görkəmli aşıq Ələsgərin vəfatının 100 illik yubileyi UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd ediləcək tədbirlər proqramına daxil edilmişdir. Bu məsələ UNESCO-nun İcraiyyə Şurasının 2025-ci ilin aprel ayında keçirilmiş 221-ci sessiyasında müzakirə edilərək təsdiqlənməsi bütün nailiyyətlərimizdəndir".
Əminəm ki, Aşıq Ələsgərin vəfatının 100 illiyinin 2026-cı ildə UNESCO səviyyəsində qeyd olunması prosesində dövlət qurumlarımız yanaşı, Qərbi Azərbaycan icmasının nümayəndələri də iştirak edəcək, xalqımızın zəngin mədəniyyətinin dünya ictimaiyyətinə layiqincə tanıdılmasına dəyərli töhfələrini verəcəklər”,- deyə o qeyd edib.