Bakı. Trend:
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavələrin verilməsinin müddəti uzadılıb.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il iyulun 1-dək veriləcək.
Bundan əlavə, Nazirlər Kabinetinin digər qərarı ilə “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına da əlavələrin verilməsinin müddəti uzadılıb.
Qərara əsasən, sözügedən əlavə 2025-ci il iyulun 1-dək veriləcək.
Bundan əvvəl bu hər iki əlavənin verilməsi müddəti 2025-ci il aprelin 1-dək müəyyən edilmişdi.