Bakı.Trend:
"Hər qəlbdə bir qələbə!" şüarı altında keçiriləcək III MDB Oyunları Azərbaycanın 7 bölgəsində Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində təşkil olunacaq.
Trend xəbər verir ki, açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda baş tutacaq.
Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5500-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulur.
Xatırladaq ki, MDB Oyunlarına ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhəri, 2023-cü ildə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib. Azərbaycanın III MDB Oyunlarına ev sahibliyi etməsi təsadüfi deyil. Bu iri miqyaslı tədbirlərin təşkilatçısı kimi Azərbaycanın beynəlxalq arenada növbəti uğurudur.