Bakı. Trend:
İstilik təchizatı sektorunda fəaliyyətin hüquqi əsası yaradılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunda aşağıdakı fəaliyyət növləri olacaq:
- istilik enerjisinin istehsalı;
- istilik enerjisinin paylanması (o cümlədən ötürülməsi);
- istilik enerjisinin satışı.
İstilik təchizatı subyektlərinin bir və ya bir neçə fəaliyyətlə məşğul olmasına hər hansı məhdudiyyət tətbiq edilməyəcək.
İstilik enerjisi istehsalçısının aşağıdakı vəzifələri olacaq:
- istilik enerjisi istehsalını “Ətraf mühitin mühafizəsi haqqında” və “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən ətraf mühitin mühafizəsi və təhlükəsizlik tələblərinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən istilik enerjisindən istifadə qaydaları ilə müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun həyata keçirmək;
- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə, yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;
- hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- balansında olan istilik qurğularının etibarlı və fasiləsiz işini təmin etmək;
- Enerji resurslarından səmərəli istifadəyə dair öhdəliklərə riayət etmək.
İstilik enerjisi istehsalçısının aşağıdakı hüquqları olacaq:
- istehsal etdiyi istilik enerjisini müqavilə əsasında satmaq;
- istilik istehlakı qurğuların, şəbəkələrin və istehlakçıların fəaliyyətində istilik təchizatının texnoloji proseslərində fasilələrə səbəb olan pozuntular olduqda pozuntuya yol vermiş subyektdən dəymiş ziyanın ödənilməsini tələb etmək.
İstehsalçının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunacaq.
İstilik enerjisi paylayıcısının aşağıdakı vəzifələri olacaq:
- şəbəkənin idarə edilməsini, gücləndirilməsini və genişləndirilməsini, ona texniki xidmətin göstərilməsini, habelə həmin şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını təmin etmək:
- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, habelə yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;
- istilik təchizatı subyektlərinin, habelə istehlakçıların tikinti obyektlərinin ayrı-seçkiliyə yol verilmədən şəbəkəyə qoşulmasını təmin etmək;
- şəbəkə vasitəsilə istilik enerjisinin paylanmasını həyata keçirmək;
- şəbəkədə uzunmüddətli tələbatın saxlanılması məqsədilə həmin şəbəkəyə texniki qulluğu, o cümlədən onun təmirini və inkişafını təmin etmək;
- şəbəkədə baş verən qəzaların aradan qaldırılmasını təmin etmək;
- hesabat və məlumatları həmin qaydalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etmək;
- istilik təchizatının dayandırılacağı barədə istehlakçıya 3 (üç) gün əvvəl yazılı xəbərdarlıq göndərmək;
- istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacı (ağıllı sayğaclar istisna olmaqla) hər ay oxumaq və bu barədə istehlakçıya bildiriş, habelə satıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda satıcının adından istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;
- istehlakçının şəbəkəyə qoşulmuş tikinti obyektində quraşdırılmış sayğacın işlək vəziyyətdə olduğunu müəyyən etmək məqsədilə 3 (üç) ayda 1 (bir) dəfə həmin sayğaca və onun qoşulma sxeminə baxış keçirmək;
- istilik qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək.
İstilik enerjisi paylayıcısının aşağıdakı hüquqları olacaq:
- bu qanunda müəyyən edilən hallarda istilik təchizatını dayandırmaq;
- şəbəkəyə qoşulması nəzərdə tutulan tikinti obyektinin yerləşdiyi ərazidə şəbəkə və ya mövcud şəbəkədə tələb olunan həcmdə sərbəst istilik gücü olmadıqda (təsdiqedici sənəd və əsaslandırmalar təqdim edilməklə) tikinti obyektinin şəbəkəyə qoşulmasından imtina etmək.
Paylayıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunacaq.
İstilik enerjisi satıcısının aşağıdakı vəzifələri olacaq:
- istilik təchizatı sektorunu tənzimləyən normativ hüquqi aktların, normativ xarakterli aktların, bu Qanunun 5.3-cü maddəsinə uyğun olaraq verilən yazılı göstərişlərə və istilik təchizatı sektorunda bağladığı müqavilələrin şərtlərinə əməl etmək;
- alqı-satqı müqaviləsinin şərtlərini rəsmi internet saytında dərc etmək;
- istehlakçılara hüquq və vəzifələrini izah etmək;
- paylayıcı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş istilik enerjisinin dəyəri barədə hesab təqdim etmək;
- istehlakçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satdığı istilik enerjisini tələb olunan həcmdə və keyfiyyətdə verilməməsi nəticəsində istehlakçıya vurulmuş ziyanı ödəmək;
- xidmət göstərdiyi istehlakçının tikinti obyektinin qoşulduğu şəbəkədən asılı olaraq paylayıcı ilə müvafiq müqavilə bağlamaq.
İstilik enerjisi satıcısının aşağıdakı hüquqları olacaq:
- paylayıcıdan bu sahədə xidmətlərinin göstərilməsini tələb etmək;
- istehlakçıya təqdim edilmiş hesaba uyğun olaraq ondan şəbəkə vasitəsilə sayğacın göstəricilərinə uyğun olaraq qəbul edilmiş istilik enerjisinin dəyərinin ödənilməsini tələb etmək;
- istehlakçının paylayıcı tərəfindən istilik enerjisi ilə təmin edilməməsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək.
Satıcının istilik təchizatı sektorunda digər fəaliyyət növlərinə bu Qanunun həmin fəaliyyətə aid müvafiq maddələri şamil olunacaq.