Bakı. Trend:
Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar təsdiqlənib.
Trend xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar pilotsuz uçuş aparatı sistemlərinin (PUAS) əməliyyatları zamanı dövlət təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, aviasiya təhlükəsizliyi və ətraf mühitin qorunması, o cümlədən dövlət, kommersiya, şəxsi və ailə həyatının sirri ilə bağlı yarana biləcək riskləri nəzərə alaraq həyata keçiriləcək əməliyyatlar üçün coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarları müəyyən edir və mülki PUAS istismarçılarına şamil edilir.
Meyarlarla aşağıdakı coğrafi zonalar müəyyən edilib:
- yaşıl coğrafi zonalar – PUAS əməliyyatlarının məhdudiyyətsiz həyata keçirildiyi zonalar;
- sarı coğrafi zonalar – PUAS əməliyyatlarının məhdudiyyətlər tətbiq edilməklə həyata keçirildiyi zonalar;
- qırmızı coğrafi zonalar – PUAS əməliyyatlarının qadağan olunduğu zonalar;
- göy coğrafi zonalar – PUAS-ın eksperimental aviasiya və təlim məşqləri üçün nəzərdə tutulduğu coğrafi zonalar.