Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə 6 (altı) ay müddətində mövcud rəqəmsal resurslar əsasında “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun (bundan sonra – Modul) formalaşdırılmasını və növbəti ildən Strategiyanın monitorinqini və qiymətləndirilməsini həmin Modul üzərindən həyata keçirməlidir.
Layihə İdarəetməsi Modulunda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), layihələrlə əlaqədar icra müddətləri (illər üzrə bölgüsü), maliyyə və texniki-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti təsdiqedici sənədləri təmin edən və hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 (bir) dəfə, hər il fevralın 28-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar) ayda 1 (bir) dəfə növbəti ayın 15-dək, ilin yekunları barədə məlumatların isə hər il yanvarın 25-dək Modulda yerləşdirilməsini təmin etməlidirlər.