Bakı. Trend:
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə tədbirlər görüləcək.
Trend xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:
- Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (bundan sonra – Tədbirlər Planı) 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir;
- Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir;
- aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planının 8.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (bundan sonra – Mərkəz):
- “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda (bundan sonra – Strategiya) nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə 6 (altı) ay müddətində mövcud rəqəmsal resurslar əsasında “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun (bundan sonra – Modul) formalaşdırılmasını və növbəti ildən Strategiyanın monitorinqini və qiymətləndirilməsini həmin Modul üzərindən həyata keçirməlidir;
- Layihə İdarəetməsi Modulunda Strategiyada nəzərdə tutulmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), layihələrlə əlaqədar icra müddətləri (illər üzrə bölgüsü), maliyyə və texniki-iqtisadi əsaslandırmalar, smeta sənədləri, maliyyə vəsaitinin ayrılması, satınalma müqavilələrinin bağlanılması barədə məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti təsdiqedici sənədləri təmin edən və hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməlidir;
- Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə 1 (bir) dəfə, hər il fevralın 28-dək Nazirlər Kabinetinə təqdim etməlidir;
- Modulun yaradılması və Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin monitorinqi və qiymətləndirilməsi ilə bağlı xərclərin Mərkəzin növbəti illər üçün büdcəsində nəzərə alınması məqsədilə tədbirlər görməlidir.
Strategiyada nəzərdə tutulmuş tədbirlər üzrə əsas icraçı orqanlar (qurumlar):
- əsas və digər icraçı orqanların (qurumların) rəhbərlərinin müavinlərindən ibarət məsul şəxsləri təyin edərək onlar barədə məlumatın 10 (on) gün müddətində Nazirlər Kabinetinə təqdim olunmasını;
- Strategiyada nəzərdə tutulmuş tədbirlərin nəticə indikatorları üzrə hədəf göstəriciləri də müəyyən edilməklə, illər üzrə bölgüsünü 1 (bir) ay müddətində Mərkəzlə razılaşdırılmış indikatorlar cədvəlinin nümunəvi formasına uyğun hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunmasını;
- ayda 1 (bir) dəfə növbəti ayın 15-dək, ilin yekunları barədə məlumatların isə hər il yanvarın 25-dək Modulda yerləşdirilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Strategiyanın icrasına məsul orqanlar (qurumlar) Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər üzrə layihələrin ilkin ümumi dəyəri, dövlət büdcəsindən ayrılmış və istifadə olunmuş vəsait barədə məlumatların (Mərkəzin təqdim etdiyi formaya uyğun olaraq) hər növbəti rübün birinci ayının 5-dək Modulda yerləşdirilməsini təmin etməlidir.
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə rəhbəri Nazirlər Kabineti Aparatının rəhbəri olmaqla, bu Sərəncamın 3.1-ci bəndində nəzərdə tutulmuş məsul 3 şəxslərdən və Mərkəzin nümayəndəsindən ibarət İşçi Qrup formalaşdırılmalıdır. İşçi qrupun fəaliyyətinə dair ildə 2 (iki) dəfədən az olmayaraq iclasın keçirilməsi təmin edilməlidir.
Bu Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə və Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə tapşırılıb.
Bu Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinə həvalə edilib.