Bakı. Trend:
Mayın 1-də Respublika Fənn Olimpiadalarının biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub.
Trend xəbər verir ki, infoturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, Təhsil İnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə səkkiz fənn üzrə təşkil olunur.
İnformatika fənni üzrə final mərhələ bu il ilk dəfə olaraq iki gün — aprelin 25-i və 26-sı tarixlərində keçirilib. Aşağı yaş qrupu üzrə 107, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib.
Fizika və kimya fənləri üzrə final mərhələ aprelin 28-də baş tutub. Bu mərhələdə fizika fənni üzrə 121, kimya fənni üzrə isə 120 nəfər olmaqla ümumilikdə 241 şagird iştirak edib.
Aprelin 29-da isə fizika fənni üzrə praktiki tur keçirilib.
Azərbaycan dili və ədəbiyyatı, eləcə də coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsinin mayın 2-də, riyaziyyat fənni üzrə isə mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.