Bakı. Trend:
Borclu şəxsin məhkəmə qərarından 1 gün sonra ailə üzvlərindən biri ölkədən xaricdə vəfat edib və o, doğmasının dəfnində iştirak etmək, yaxud cənazəsini ölkəyə gərimək üçün ölkə xaricinə getməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqi prosedurlar və necə həyata keçirilməlidir? Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, cinayət törətmiş şəxsə münasibətdə humanizm nümayiş etdirilirsə, borclunun müstəsna hallarda, təcili ehtiyac duyulduqda ölkəni tərk etməsinə imkan yaradılmaması hüququn fəlsəfəsinə ziddir:
“İcra orqanı tərəfindən borclunun müraciəti əsasında özü və yaxud xaricdəki ailə üzvü ağır xəstəliyə düçar olan və yaxud xaricdəki ailə üzvü vəfat edən borcluya münasibətdə də, təbii ki, sübutlar təqdim edilməklə məhkəmə qaydasında və təxirə salınmadan tətbiq edilə bilər.
Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericilik istisna halları nəzərə almalı və insanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədilə xüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərk etməsinə icazə verilməlidir”.