Bakı. Trend:
Bugünkü tədbir ictimai hadisələrin mediada təzahürünün və media platformalarının ictimai rəyə təsir imkanlarının təhlili, peşəkar yanaşmaların təşviqi, habelə medianın insan hüquqlarına təsirlərinin müzakirə edilməsi və qurumlar arasında əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Trend xəbər verir ki, bunu İnsan Hüququları üzrə Müvəkkil Səbinə Əliyeva Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, hüquqi dövlət quruculuğunun əsas prinsiplərindən birini müstəqil medianın mövcudluğu, fikir, söz və mətbuat azadlığı təşkil edir:
“Media cəmiyyətin hüquqi maariflənməsində, baş verən proseslər barədə məlumatların operativ və obyektiv formada ictimaiyyətə çatdırılmasında, bununla da ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Media, eyni zamanda effektiv ictimai nəzarət vasitəsi kimi çıxış edir.
Müstəqil Azərbaycanda söz və fikir azadlığının, demokratik prinsiplərə əsaslanan mətbuatın formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü ilə müstəqillik tariximizin ən mühüm hadisələrindən olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının, o cümlədən fikir və söz azadlığının, məlumat azadlığının reallaşdırılması üçün əsaslı zəmin yarandı, senzura qadağan edildi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən hüquqi və institusional islahatlar Azərbaycanda fikir, söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyəti qabaqcıl demokratik ölkələrlə müqayisə olunacaq səviyyədə inkişaf etdirdi.
Medianın İnkişafı Agentliyinin təsis olunması, “Media haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, media subyektlərinə münasibətdə bir sıra vergi güzəşt və azadolmaların tətbiqi, habelə digər islahatlar bunun bariz nümunəsidir”.