Bakı. Trend:
Cari il fevralın 20-də bir sıra media resurslarımıza qarşı kiberhücumlar həyata keçirilib. Budəfəki hücumları əvvəlkilərdən fərqləndirən cəhət isə tətbiq edilən vasitələr və hücumun həm xüsusiyyəti, həm də miqyası idi ki, bu məsələ Komissiyamızın diqqətini cəlb edib.
Trend xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov Komissiyanın “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilkin araşdırmalar zamanı məlum oldu ki, 10-dan çox aparıcı media resursuna qarşı əlaqələndirilmiş formada və siyasi motivi olan kiberhücumlar həyata keçirilib.
“Mütəxəssislərin rəyinə görə, bu hadisə indiyədək ölkəmizdə baş vermiş, habelə müəyyən edilmiş ən ciddi kibermüdaxilə əməliyyatlarından biri olub. Burada, həmçinin əsasən xüsusi xidmət orqanları tərəfindən geniş istifadə olun “yalançı bayraq” və ya “saxta bayraq” kimi adlandırılan əməliyyatın həyata keçirildiyi məlum olub.
Kiberhücumun təhqiqatı kibertəhlükəsizlik sahəsində peşəkar biliklərə və təcrübəyə malik, bir-biri ilə bağlı olmayan və müstəqil fəaliyyət göstərən iki komanda tərəfindən aparılıb. Əldə edilən nəticələr isə bir-biri ilə üst-üstə düşüb”, - deyə Komissiya sədri qeyd edib.