Bakı. Trend:
Rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə kiberhücumlardan hətta yüksək inkişaf etmiş sənaye dövlətləri belə sığortalanmayıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, kiberhücumlara həm hüquqi, həm də fiziki şəxslər məruz qala bilər:
"Bir neçə il əvvəl Almaniya parlamenti Bundestaqın, eləcə də onun ayrı-ayrı üzvlərinə müəyyən vaxtlarda olan hücumları və onun ağır texniki və hüquqi nəticələrini qeyd etmək istərdim. Şəxsin texniki vasitələrinə olan kiberhücumlar, yaddaşın oğurlanması və ya şəxsi məlumatların saxtalaşdırılması ilə həmin ictimai vəzifəsi olan şəxs çətinliklərlə üzləşir. Belə kiberhücumların qarşısının alınması, nəticələrdən qorunmaq üçün mövcud hüquqi və texniki imkanlardan istifadə çox vacibdir. Yəni mövcud texniki və hüquqi məqamlardan yerində və vaxtında istifadə digər problemlərdən yayınmaq üçün önəmlidir", - o bildirib.
Deputat komissiyadan mövcud hüquqi alətlər və texniki imkanlar barədə iştirakçılar və ictimaiyyətin məlumatlandırılmasını xahiş edib.