...

Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 2 May 2025 17:18 (UTC +04:00)
Bakıda Gənclərin Süni İntellekt Forumu keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

2 may 2025-ci il tarixində Bakıda Gənclərin Süni İntellekt Forumu baş tutub.

Trend xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən Forum, süni intellekt sahəsindəki trendləri gənclərlə bölüşmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaq və şəbəkələşməyə şərait yaratmaq məqsədi daşıyıb.

Açılış mərasimində millət vəkili Tahir Mirkişili, Gənclər Fondunun icraçı direktorunun müavini vəzifəsini icra edən Yusif Vəliyev, GİKM-in Baş direktoru Azər Əliyev çıxış edib, süni intellektin təkcə texnologiya deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və cəmiyyət üçün əsas transformasiya vasitələrindən biri olduğunu vurğulayıblar.

150-ə yaxın gəncin iştirak etdiyi Forum çərçivəsində “Süni intellekt və gənclər: rəqəmsal gələcəyə doğru” mövzusunda panel müzakirəsi təşkil olunub.

"Brandmaker E-commerce Agency"nin təsisçisi Fərid Məhərrəmlinin moderatorluğu ilə keçirilən paneldə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının üzvü İlqar Cəfərov, “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyinin direktoru Leyla Seyidzadə və 4SİM-in rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva çıxış ediblər. Gənclər süni intellektin real tətbiq sahələri, həmçinin karyera imkanları barədə məlumatlandırılıblar.

Panel müzakirəsindən sonra keçirilən sual-cavab sessiyasında iştirakçılar spikerlərə öz suallarını ünvanlayıb, onları maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparıblar.

"suniintellekt.az" platforması tərəfindən maarifləndirici məlumat sessiyası da keçirilib. Sessiya zamanı iştirakçılara süni intellekt texnologiyalarının tətbiq sahələri, öyrənmə resursları və karyera imkanları barədə ətraflı məlumat verilib.

Süni İntellekt Forumu gənclərin rəqəmsal texnologiyalar sahəsində maariflənməsinə və bu istiqamətdə şəbəkələşməsinə imkan yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti