Bakı. Trend:
Səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirəsi üçün iyun ayının əvvəlində Azərbaycan nümayəndə heyətinin Macarıstana səfəri gözlənilir.
Trend xəbərverir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bügün və sabah” mövzulu beynəlxalq konfransda etdiyi çıxışda bildirib.
T.Torma “Scandens” əczaçılıq zavodunun “Gedeon Richter”-lə müqavilə əsaslı istehsalat sazişi çərçivəsində Azərbaycanda yerli dərman istehsalına başlayacağını qeyd edib.
Səfir həmçinin vurğulayıb ki, “Scandens Pharmaceutical Industries LTD.” şirkəti Azərbaycan Tibb Universiteti, Pecs Universiteti, eləcə də Macarıstanın “PannonPharma” şirkəti ilə birlikdə azərbaycanlı əczaçılıq mütəxəssislərinin hazırlanması üzrə proqramın həyata keçirilməsini planlaşdırır.
Onun sözlərinə görə, “PannonPharma” qrupu Macarıstanın kiçik və orta müəssisələrindən ibarət bir şəbəkədir və bu şəbəkə fəal şəkildə əczaçılıq sahəsində elmi-tədqiqat və təcrübi-konstruktor işləri (ETTKİ) aparmaqla yanaşı, təhsil və elm sahəsində universitetlərlə uğurlu əməkdaşlıq nümayiş etdirir.