Bakı. Trend:
Müasir cəmiyyətlərdə, xüsusilə demokratik quruluşlu ölkələrdə qeyri-hökumət təşkilatları və qeyri-kommersiya sektoru çox mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu bu gün Ədliyyə nazirinin müavini Abiddin Hüseynov Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə çıxış edərkən deyib.
O bildirib ki, bir çox hallarda dövlət sektorunun həyata keçirdiyi investisiyalar və dövlətin göstərdiyi dəstək sənayenin müxtəlif sahələrinin inkişafında həlledici rol oynasa da, üçüncü sektorun – yəni vətəndaş cəmiyyətinin bu işlərə verdiyi dəstək də az əhəmiyyət kəsb etmir, əksinə, çox vacibdir.
"Üçüncü sektor bir tərəfdən ictimai nəzarəti təmin edir, digər tərəfdən isə bir çox hallarda müxtəlif sahələr üzrə koordinasiyanın həyata keçirilməsində iştirak edir. Bundan əlavə, əhalinin maarifləndirilməsi baxımından da üçüncü sektorun fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Çünki bəzən görülən işlər barədə düzgün məlumatlandırma aparılmadıqda, bu sahə ilə bağlı formalaşmış stereotiplər və yanlış təsəvvürlər aradan qalxmır. Nəticədə, təqdim edilən təşəbbüslər və layihələr cəmiyyət tərəfindən düzgün dəyərləndirilmir və bu da görülmüş işlərin səmərəliliyinə təsir göstərir",- deyə o əlavə edib.