Bakı. Trend:
Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 29993:2025 “Formal təhsildən kənar öyrənmə xidmətləri. Xidmətə dair tələblər” yeni dövlət standartı qəbul edilib.
Trend xəbər verir ki, bu barədə AZSTAND məlumat yayıb.
Bildirilib ki, yeni dövlət standartı ömürboyu təhsilin bütün növlərini əhatə etməklə, formal təhsildən kənar öyrənmə xidmətlərinə dair tələbləri müəyyən edir.
"Bu standartın ölkədə tətbiqinin məqsədi formal təhsildən kənar öyrənmə xidmətlərinin təşkili prosesini beynəlxalq tələblərə uyğunlaşdırmaq, eyni zamanda keyfiyyətli və əlçatan öyrənmə imkanlarının təmin olunmasına şərait yaratmaqdır.
“Keyfiyyət Assossiasiyası” İB tərəfindən işlənib hazırlanan standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə edilib, konsensus əsasında qərar qəbul edilərək təsdiq edilməsi üçün AZSTAND-a təqdim olunub", - deyə əlavə edilib.