Bakı. Trend:
Baku Network platformasında yayımlanan "Tofiq Abbasovla Dialoq" adlı analitik verilişin növbəti buraxılışında Azərbaycanın Qırmızı Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovla məzmunlu bir söhbət baş tutub.
Verlişdə münaqişədən sonrakı dövrün çağırışları, humanitar təşkilatların oynadığı rol və regionda gedən aktual geosiyasi proseslər kimi mövzulara toxunulub. Novruz Aslan qüvvələrin balansı ilə bağlı fikirlərə öz münasibətini bildirib.
"Biz təkcə sabitlikdən deyil, ümid yaradan və sülh üçün real perspektivlər yaradan o enerjidən də danışmalıyıq. Əfsuslar olsun ki, Ermənistanda məhz neqativ enerji hökm sürür - o enerji ki, təkcə həmin ölkənin daxili birliyini sarsıtmır, eyni zamanda bütün regionun irəliləməsinə əngəl törədir".
O qeyd edib ki, münaqişənin ağır mirasına və İrəvanda revanşist dairələrin vəziyyəti "keçmişə qaytarmaq" cəhdlərinə baxmayaraq, Azərbaycan hesablanmış və özünəinamlı şəkildə hərəkət edir:
"Biz müharibəni – 44 günlük, parlaq və azadlıq müharibəsini qazandıq. Və baş verəcək hadisələrə – revanşist ritorikaya, təcavüzə qayıtmaq cəhdlərinə - hazır idik. Lakin biz bütün bunları əvvəlcədən hesablamışdıq və necə davranacağımızı bilirdik. Bizim strategiyamız var. Kursumuzdan yayınmırıq".
Söhbət zamanı Qarabağda Qırmızı Aypara Cəmiyyətinin humanitar missiyasına xüsusi diqqət yetirildi. Novruz Aslan qeyd edib ki, təşkilatın könüllüləri çətin vəziyyətdə olan sakinlərə 40 ton un çatdırmağa çalışıblar, lakin beton baryerlərlə və siyasi rədd cavabları ilə qarşılaşıblar:
"Biz siyasi təşkilat deyilik. Oraya xeyirxah niyyətlərlə – yardım göstərmək üçün getmişdik. Amma hətta vəziyyəti qiymətləndirməyə belə imkan verilmədi. Bütün bunlar xarici müdaxilə, diasporanın təsiri, millətçilik və separatizm səbəbindən baş verdi".
Verlişin qonağı "yumşaq qüvvənin" anlamı və Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı fikirlərini də bölüşüb.
"Biz bütün dünyaya gücümüzü göstərdik – həm hərbi, həm də humanitar gücümüzü. İndi bütün dünya bizim Qarabağı necə yenidən qurmağımızı, insanların torpaqlarına qayıtmağını, dövlət başçısının hər gün yollar, kommunikasiyalar açmağını müşahidə edir. Xaricdən bir dollar belə yardım ayrılmadan".
Novruz Aslanın sözlərinə görə, Prezident İlham Əliyevin çıxışlarını təkcə Azərbaycanda deyil, Avropa İttifaqı ölkələrində, Ermənistanda və dünyanın aparıcı diplomatik məktəblərində də izləyirlər: "Bu artıq sadəcə çıxış deyil. Bu, bir məktəbdir — rasional və müdrik siyasət məktəbi. Güc məhz budur — həm qətiyyət, həm humanizmi özündə birləşdirən o "ağıllı güc".
.