...

Azərbaycan əczaçılıq sənayesinin inkişafında Scandenslə yeni dövrün başlanğıcı (FOTO)

Cəmiyyət Materials 7 May 2025 12:26 (UTC +04:00)
Azərbaycan əczaçılıq sənayesinin inkişafında Scandenslə yeni dövrün başlanğıcı (FOTO)

Bakı. Trend:

05.05.2025-ci il tarixində Heydər Əliyev Mərkəzində 400 nəfərə yaxın yerli və xarici dəvətlilərin iştirakı ilə keçirilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Macarıstanın Azərbaycan Respublikasındakı Səfirliyi və ölkəmizdə bərk dərman formalarının tam istehsal dövrünü həyata keçirən, tədqiqat və təkmilləşdirmə sahəsində fəaliyyət göstərən ilk yüksək texnologiyalı əczaçılıq zavodu olan Scandens Pharmaceutical Industries LTD-nin birgə təşkilatçılığı və dəstəyi ilə "Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah" adlı tədbir baş tutub.

Tədbirin əsas məqsədi Azərbaycanın yerli əczaçılıq istehsalını inkişaf etdirmək, dərman idxalına olan asılılığı azaltmaq, əczaçılıq sahəsinə investisiyaları cəlb etmək, yeni texnologiyaların tətbiqi, innovasiya və tədqiqat fəaliyyətlərini gücləndirərək sektorda dayanıqlı inkişafı təmin etmək, eyni zamanda ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi üçün praktiki həll yollarının təqdim edilməsi idi.

Əczaçılıq sənayesi, qeyri-neft sektorları arasında ən potensial olan və sürətlə inkişaf edən sahələrdən biridir və sözügedən tədbirdə dövlət qurumları, elm-tədris müəssisələri və özəl sektor nümayəndələri ölkəmizdə bu sahənin inkişafına təkan vermək məqsədilə bir araya gələrək müştərək addımların müzakirəsini aparıblar.

İlk çıxışı səhiyyə naziri Teymur Musayev edərək, Azərbaycan səhiyyəsinin tarixindən bəhs etmiş və Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan əczaçılıq sektoruna verdiyi töhfələrə toxunub. O, həmçinin ölkəmizdə əczaçılıq sənayesində son illər həyata keçirilən dəyişiklər və onun gələcəyinin formalaşdırılması üçün bu gün atılmalı olan addımların vacibliyini vurğulayıb.

Konfransda çıxış edən qurumlar hər biri öz nöqteyi-nəzərindən bu sahənin gələcəkdəki rolunu qiymətləndirərək yerli istehsalın təşviqinin əhəmiyyətini və atılmalı olan addımların zəruriliyini qeyd ediblər.

Çıxışı zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, cari ildən başlayaraq ölkədə ambulator dərman təminatı tam şəkildə dövlət tərəfindən qarşılanacaq. O, bu təşəbbüsün vətəndaşların dərmanlara olan əlçatanlığını və əczaçılıq sənayesinin davamlı inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma öz çıxışında Azərbaycan və Macarıstan arasında əczaçılıq sahəsində formalaşan birgə inkişafa aparan əməkdaşlıq yolundan bəhs edib.

Konfransda həmçinin, Macarıstan Milli Tibbi Sığorta Fondunun nümayəndəsi Akos Karsay, Pécs Universitetinin Əczaçılıq fakültəsinin dekanı András Fittler, eləcə də Gedeon Richter, Egis və Pannon Pharma kimi aparıcı əczaçılıq şirkətlərinin rəhbər və təmsilçiləri iştirak edərək, Azərbaycanla əməkdaşlıq perspektivləri və sənaye sahəsindəki təhsil imkanları barədə fikirlərini bölüşüblər.

Scandens Pharmaceutical Industries LTD nəinki dərman istehsalı, həmçinin innovativ tədqiqat və təkmilləşdirmə əsasında inkişafı hədəfləyən bir model olaraq ölkənin əczaçılıq sənayesində yeni bir mərhələni başlamağı hədəfləyir və cari ildən etibarən dərman istehsalına başlayaraq növbəti illərdə bir çox dərman preparatını istehlakçılarına təqdim etməyi planlaşdırır.

Sonda isə “Azərbaycan Əczaçı İstehsalçılar Assosiasiyası” İctimai Birliyinin şəhadətnaməsi təqdim olunub. Bu sənəd gələcəkdə Assosiasiya çərçivəsində beynəlxalq standartlara cavab verən və yüksək texnologiyalı əczaçılıq zavodlarının birləşməsini təşviq etməklə, Azərbaycanda əczaçılıq sənayesinin inkişafına təkan verməyi hədəfləyir.

Bu tədbir, səhiyyə və əczaçılıq sahəsində institutlararası əməkdaşlığın gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və Azərbaycanın əczaçılıq sənayesinin davamlı inkişafına yönəlmiş mühüm bir addım olaraq qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti