Bakı. Trend:
Xaçmaz Rayon Ağsaqqallar Şurasının illik hesabat iclası keçirilib.
Trend xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən hesabat iclasında Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqləlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb.
Respublika Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyev bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi həyatında ağsaqqalların rolu artıb və cəmiyyətimizin bütün sahələrində fəallıqları təmin edilib. Bu diqqət və qayğı hazırda Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon Ağsaqqallar Şurasının sədri Məhərrəm Abasov illik hesabat məruzəsi ilə çıxış edərək qeyd edib ki, Şuranın üzvləri gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması istiqamətində keçirilən təbliğat maarifləndirmə tədbirlərində yaxından iştirak edirlər.
Çıxış edən Rayon Ağsaqqallar Şurasının üzvləri şair, Fərzalı Qasımov, təqaüddə olan dövlət qulluqçusu Abdulla Didarov və şəhid atası Fərhad Qafarov ölkəmizdə ağsaqqallara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.