Bakı. Trend:
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılacaq.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, aşağıdakı vəsaitlər ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürüləcək:
- icra sənədlərinin məcburi icrası ilə bağlı borclunun hesabından tutulan icra ödənişinin məbləği, habelə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaiti hesabına ödənildikdə həmin xərclərin qaytarılması ilə bağlı vəsait;
- cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi;
- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqq.
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsait aşağıdakı məqsədlərə sərf ediləcək:
- ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;
- dövlət büdcəsinə köçürülməklə ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;
- ədliyyə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və digər işçilərinin əlavə təhsilinə, ədliyyə orqanlarının maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə;
- ədliyyə orqanlarında qulluq keçən (işləyən) və ya əvvəllər qulluq keçmiş (işləmiş) müharibə veteranı adı almış şəxslərin, habelə ədliyyə orqanlarında qulluq keçmiş (işləmiş) şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə;
- icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilməsi mümkün olmadıqda həmin xərclərin ödənilməsinə;
- ədliyyə orqanlarının elmi-texniki potensialının artırılmasına, elmi tədqiqat işlərinin aparılmasına, ədliyyə sahəsində innovativ həllərin öyrənilməsinə və tətbiqinə.
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.