...

İnzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərinə dair yeni qaydalar müəyyənləşir

Cəmiyyət Materials 20 May 2025 12:00 (UTC +04:00)
İnzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərinə dair yeni qaydalar müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İnzibati xətalar haqqında işlər barədə elektron informasiya ehtiyatları və sistemlərinə dair yeni qaydalar müəyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, törədilmiş inzibati xətalar və həmin xətaları törətmiş şəxslər barədə məlumatların uçotu, sistemləşdirilməsi, saxlanılması, habelə inzibati xətalar haqqında işlərə baxılması ilə əlaqədar proseslərin həyata keçirilməsi məqsədilə inzibati xətalar haqqında işlərə baxmağa və inzibati xətalar haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemlərini (ehtiyatlarını) (Məcəllənin Ümumi hissəsinin məqsədləri üçün bundan sonra - informasiya sistemi) yaradacaqlar və həmin informasiya sistemlərinin fəaliyyətini təmin edəcəklər.

Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) baxdıqları inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar barəsində aşağıdakı məlumatların 24 saat müddətində informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər:

  • inzibati xəta törətmiş şəxs haqqında məlumat (fiziki və ya vəzifəli şəxslərin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşadığı və olduğu yerin ünvanı, hüquqi şəxsin adı, VÖEN-i, hüquqi və faktiki ünvanları);
  • inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti;
  • inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi;
  • inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül qəpən xeəsarəti yetirilmişdirsə və ya maddi zərər vurulmuşdursa, bu hallar barədə qeydlər;
  • inzibati xəta haqqında işin baxılması tarixi və yeri;
  • inzibati xəta haqqında iş üzrə qərarı çıxarmış vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi;
  • inzibati xəta haqqında iş üzrə qərarın tarixi və nömrəsi;
  • tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat;
  • tətbiq edilmiş inzibati tənbehin icrası barədə məlumat;
  • inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar.

Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında işə baxarkən nömrələnmiş blanklarda tərtib edilən qərardadlar barədə məlumatların 24 saat müddətində informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.

İnzibati xəta haqqında protokol tərtib etməyə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) nömrələnmiş blanklarda tərtib edilmiş inzibati xəta haqqında protokol barədə məlumatların həmin protokol baxılması üçün göndərilməzdən əvvəl, lakin hər bir halda tərtib olunduğu vaxtdan 24 saatdan gec olmayaraq informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.

Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında protokol tərtib etdikləri iş üzrə məhkəmə tərəfindən çıxarılmış inzibati xəta haqqında iş üzrə qərarla bağlı məlumatların informasiya sisteminə daxil edilməsini təmin etməlidirlər.

Bort-kompüter vasitəsilə tərtib edilmiş protokol və qərar, habelə informasiya sistemləri vasitəsilə tərtib edilmiş protokol və qərar (qərardad) çap edildikdən dərhal sonra səlahiyyətli orqanın informasiya sistemində yerləşdiriləcək.

Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib olunmuş inzibati xəta haqqında elektron protokollar ve inzibati xəta haqqında iş üzrə elektron qərarlar təsdiq olunduqdan dərhal sonra həmin orqanın informasiya sisteminə yerləşdiriləcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti