...

İnzibati xəta qərarlarının yerləşdirilməsi üçün “İCMAL” informasiya sistemi yaradılır

Cəmiyyət Materials 20 May 2025 12:00 (UTC +04:00)
İnzibati xəta qərarlarının yerləşdirilməsi üçün “İCMAL” informasiya sistemi yaradılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səlahiyyətli orqanlar tərəfindən inzibati xətalar haqqında protokol və qərarlar barədə məlumatların ötürülməsi üçün yeni “İCMAL” informasiya sistemi yaradılacaq.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, inzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların) mərkəzləşdirilmiş qaydada uçotunu və izlənilməsini təmin etməklə bu Məcəlləyə əsasən tətbiq edilmiş cərimələrin dövlət büdcəsinə və (və ya) inzibati cərimə növündə inzibati tənbeh vermə barədə qərar (elektron qərar) qəbul etmiş səlahiyyətli orqanların hesablarına hesablanan və köçürülən hissəsinə dair məlumatların təhlil edilməsi və həmin məlumatların düzgünlüyü üzrə nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – “İCMAL” informasiya sistemi) yaradılacaq.

İnzibati xəta haqqında protokolların və inzibati xəta haqqında iş üzrə qərarların (qərardadların), o cümlədən elektron protokol və elektron qərarların unikal nömrə verilməklə izlənilməsinin təmin edilməsi üçün həmin sənədlər barədə məlumatlar “İCMAL” informasiya sisteminə ötürüləcək.

Cərimə növündə inzibati tənbeh tətbiq etməni nəzərdə tutan inzibati xəta haqqında iş üzrə qərarlara, o cümlədən elektron qərarlara “İCMAL” informasiya sistemi vasitəsilə unikal kod verilmədən həmin qərarların icra olunması (o cümlədən dəbbə dulunun hesablanması) tələb edilə bilməz.

“İCMAL” informasiya sisteminin saxlanılması, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə bu Məcəlləyə əsasən tətbiq edilən cərimələrdən dövlət büdcəsinə daxil olan vəsaitin 5 faizi həmin orqanın xəzinə hesabına köçürüləcək.

Səlahiyyətli orqanın informasiya sisteminə daxil edilmiş inzibati xəta haqqında protokollar və inzibati xəta haqqında iş üzrə qərarlar (qərardadlar) barədə məlumatlar dərhal “İCMAL” informasiya sisteminə ötürüləcək.

Bu məlumatlar əsasında həmin protokola və qərara (qərardada) “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar (qərardad) və həmin sənədlər üzrə informasiya sistemində yerləşdirilmiş məlumat səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndəriləcək.

Səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar gücləndirilmiş elektron imza ilə təsdiq edilməmişdən əvvəl, habelə informasiya sistemləri vasitəsilə və ya bortkompüter vasitəsilə tərtib edilmiş protokol və qərar isə nömrələnmiş blanklarda çap edilməzdən əvvəl “İCMAL” informasiya sisteminə ötürüləcək.

“İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş elektron protokol (protokol) və elektron qərar (qərar) səlahiyyətli orqanların informasiya sistemlərinə ötürüldükdən sonra onu tərtib edən şəxs tərəfindən dərhal müvafiq olaraq təsdiqlənəcək və ya nömrələnmiş blanklarda çap edilərək imzalanacaq.

İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad “Elektron prokurorluq” informasiya sistemi vasitəsilə elektron sənəd formasında tərtib olunacaq. Sanksiyasında inzibati cərimə növündə inzibati tənbeh tədbiri nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə qərar (qərardad) təsdiq edilməmişdən əvvəl “İCMAL” informasiya sisteminə ötürüləcək. “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verilmiş qərar (qərardad) “Elektron prokurorluq” informasiya sisteminə ötürüldükdən sonra müvafiq səlahiyyətli əməkdaşın gücləndirilmiş elektron imzası ilə dərhal təsdiqlənəcək.

Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu həmin iş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş prokurora və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məlumatlandırılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə, habelə həmin qərar barədə məlumatı “İCMAL” informasiya sisteminə göndərəcək. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya prokuror həmin qərar daxil olduğu vaxtdan 3 gün müddətində İnzibati xəta haqqında iş üzrə qərarda göstərilən məlumatları müvafiq olaraq səlahiyyətli orqanın informasiya sisteminə və ya “Elektron prokurorluq” informasiya sisteminə yerləşdirəcək.

Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs məhkəmə tərəfindən çıxarılan inzibati xəta haqqında iş üzrə qərarlar barədə məlumatlandırılacaq.

Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin məlumatları əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar təsdiq edilməmişdən əvvəl unikal nömrə verilməsi üçün “İCMAL” informasiya sisteminə ötürüləcək və həmin qərara real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra təsdiqlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndəriləcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti