...

İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması formaları müəyyənləşir

Cəmiyyət Materials 20 May 2025 12:00 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sənədlər barədə məlumatlandırılması qaydaları müəyyənləşdirilir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilmiş sənədlər (inzibati xəta haqqında protokol, o cümləden elektron protokol və inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılacaq:

  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə yuxarıdakı sənədlər və onların əlavələri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdiriləcək və elektron ünvanına (olduğu halda) göndəriləcək;
  • müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, tətbiq edilmiş inzibati tənbeh haqqında məlumat, o cümlədən cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumat, yuxarıda göstərilən müvafiq sənədin nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndəriləcək;
  • səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), о cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndəriləcək.

İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar barədə məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və onun sənəd və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları “İCMAL” informasiya sisteminə və həmin sənədləri tərtib etmiş səlahiyyətli orqanların informasiya sistemlərinə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir.

Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın), o cümlədən elektron protokol və elektron qərarın “Poçt haqqında” Qanuna uyğun olaraq sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli orqanların informasiya sistemlərinə və “İCMAL” informasiya sisteminə göndəriləcək.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar nömrələnmiş blankda tərtib edildikdə, həmin sənədlərin kağız daşıyıcıda surəti onlara yerində verilir (iş materialları və bu Məcəllədə nəzərdə tutulan hüquqları barədə məlumatlarla tanış ola biləcəyi internet ünvanı şəxsə bildirilir). Əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin səlahiyyətli orqanların informasiya sistemlərində tərtib edilmiş elektron protokollar və elektron qərarlar barədə məlumatlandırılması, olduğu halda onların mobil telefon nömrəsinə bu barədə SMS məlumatı göndərilməklə və ya yuxarıdakı qaydaya uyğun olaraq həyata keçiriləcək.

Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti