Bakı. Trend:
İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydaları təkmilləşdirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, inzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunacaq və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək nömrələnmiş blankda çap edilərək imzalanacaq. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil ediləcək və bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürüləcək. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndəriləcək.
Məcəllədə nəzərdə tutulmuş qaydada tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsə veriləcək. İnzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndəriləcək. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edəcək.
Qanun qəbul ediləcəyi təqdirdə, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.