Bakı. Trend:
Ötən ilin sentyabrından bu ilin aprel ayınadək "Apar" xidməti çərçivəsində velosipedlərin istifadəsi üzrə 164 min sifariş qəbul edilmiş və 455 min kilometr məsafə qət edilmişdir.
Trend xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev "Yaşıl nəqliyyat biznesi: imkanlar və perspektivlər” mövzusunda bu gün Bakıda keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, bu, Bakı şəhərinin mərkəzində qət edilmiş məsafələrdir: "İslahatlara başlama ərəfəsində taksi ilə 3 kilometrədək edilən səfərlərin payı 40% təşkil edirdi. Məlumat üçün bildirim ki, Bakı şəhərində biz islahatlara başlayanda bir gün ərzində taksi səfərlərin sayı 600 mindən çox idi. Bu fantastik bir rəqəm idi. O səfərlərin 240 mini Bakının mərkəzində baş verirdi. Amma hal-hazırda bu göstərici 12-13%-ə qədər enmişdir. Yəni Bakı şəhərinin mərkəzində 0-3 kilometr məsafədə taksi yürüyüşləri ümumi taksi səfərlərinin sayının cəmi 12-13%-ni təşkil edir".
A. Rzayevin sözlərinə görə, mikromobillik vasitələri ilə edilən səfərlərin təhlili göstərir ki, səfərlərin 70%-i 3 kilometrə qədər olan məsafələrdir: "Qabacıl beynəlxalq təcrübəyə əsasən, şəhərin mərkəzində gündəlik mexaniki velospedlərdən gündəlik 0,7-2 dəfə istifadə olunur. Elektrik vasitələr isə 1,5-4 dəfə istifadə olunur. Bakı şəhərində bu göstəriciləri biz səni təqdim edirəm. Belə ki, gün ərzində mexaniki velosipedlər və skuterlər təxminən 2 dəfə istifadə olunur. Sual verirlər ki, Bakıda velosiped sürən varmı? Bakıda velosipedlərin və istifadəçilərin sayı beynəlxalq təcrübədən daha yüksəkdir. Hazırda daşıyıcılar tərəfindən əlavə velosipedlərin istifadəyə verilməsi üzərində işlər aparılır".