...

Laçın aeroportu Qarabağ və Şərqi Zəngəzuru beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır - Nərmin Xəlilova (FOTO)

Cəmiyyət Materials 29 May 2025 19:00 (UTC +04:00)
Laçın aeroportu Qarabağ və Şərqi Zəngəzuru beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır - Nərmin Xəlilova (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın Beynəlxalq Hava Limanının açılışı — tam haqlı olaraq tarixi bir mərhələ kimi qiymətləndiririk. Bu, Azərbaycanın doqquzuncu beynəlxalq hava limanı və azad olunmuş ərazilərdə inşa edilən üçüncü belə obyektidir. Lakin onun əhəmiyyəti sırf infrastruktur layihəsi olmaqdan daha genişdir.

Bunu Trend-ə Hava limanlarının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nərmin Xəlilova bildirib.

Onun sözlərinə görə, Laçın Hava Limanı — qayıdışın və dirçəlişin simvoludur.

"O, mürəkkəb dağ relyefində, dəniz səviyyəsindən 1 738 metr yüksəklikdə yerləşir. Bu layihə mühəndislik baxımından da böyük nailiyyətdir və peşəkarlığımızı, strateji düşüncə tərzimizi, mürəkkəb şəraitdə belə iddialı layihələri həyata keçirmək bacarığımızı nümayiş etdirir.

Bu hava limanı Qarabağ və Şərqi Zəngəzuru ölkənin digər hissələri və beynəlxalq marşrutlarla birləşdirən əsas nəqliyyat qovşağıdır. Regionun iqtisadi, sosial və logistik inteqrasiyasını sürətləndirəcək, turizmin, daşımaların və investisiyaların inkişafına ciddi təkan verəcək", - Xəlilova əlavə edib.

Hava limanlarının rəsmisi vurğulayıb ki, hava limanı beynəlxalq standartlara tam uyğundur:

"Uçuş-enmə zolağı 3 000 metr uzunluğunda, 60 metr enindədir və bütün növ hava gəmilərini qəbul edə bilir. Sahəsi 60 000 kvadratmetrdən artıq olan perron eyni anda səkkiz təyyarənin dayanması və texniki xidməti üçün nəzərdə tutulub. Terminal binası 5 000 m² sahəyə malikdir və saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Burada VIP zal, qeydiyyat və təhlükəsizlik zonaları, iaşə obyektləri, baqaj sistemləri və rəqəmsal infrastruktur mövcuddur.

Kompleksə müasir uçuşlara nəzarət qülləsi, iki transformator stansiyası, ehtiyat generatorlar, nasos və çirkab su təmizləmə sistemləri, videomüşahidə və yüksək sürətli rabitə sistemi daxildir. Bütün obyektlər ən son texnologiyalarla təchiz olunub.

Layihədə 13-dən çox Türkiyə şirkəti iştirak edib — bu, beynəlxalq etimad və tərəfdaşlığın bariz nümunəsidir. Laçın Hava Limanı — təkcə bir obyekt deyil. Bu, Azərbaycanın tarixində açılan yeni bir səhifədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti