...

"4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış mərasimi keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 30 May 2025 09:43 (UTC +04:00)
"4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın açılış mərasimi keçirilib (YENİLƏNİB)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və “Coursera” şirkətinin birgə əməkdaşlığı ilə “4Sİ Akademiyası” çərçivəsində həyata keçirilən “Milli Proqram”ın rəsmi açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli müasir çağırışlara uyğun əmək bazarının formalaşması üçün insan kapitalına investisiya qoyuluşunun vacibliyini vurğulayıb.

“Milli Proqram”ın insan resurslarının bilik və bacarıqlarının müasirləşdirilməsi, innovasiya potensialının inkişafı baxımından əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, aprelin 1-dən icra olunan layihənin birinci mərhələsi üzrə iştirakçıların 14000-dən çox sertifikat əldə etməsi öyrənməyə olan böyük marağın göstəricisidir.

4SİM-in icraçı direktoru Fariz Cəfərov proqramın məqsədinin ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək vermək olduğunu bildirib. Layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçi dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 8000-dən çox təlimdən ödənişsiz yararlana biləcək. Bildirilib ki, proqram çərçivəsində 2500 təlim süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilərək altyazı ilə, 10 ən çox tələb olunan təlim isə “deep fake” texnologiyası ilə dublyaj edilərək istifadəçilərin ixtiyarına verilib.

TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “Milli Proqram” çərçivəsində dünyanın 350 aparıcı universitet və nüfuzlu texnologiya şirkətinin təqdim etdiyi təlimlərin vətəndaşlar üçün əlçatan olduğunu diqqətə çatdırıb. Tələbə və müəllimlərin proqramın əsas benfisiarlarından biri olduğu xüsusilə vurğulanıb. O, qeyd edib ki, bilik cəmiyyətinin qurulması və təhsilin rəqəmsallaşdırılması prioritet istiqamətlərdəndir və “Milli Proqram” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, proqram keyfiyyətli təhsilə bərabər çıxış imkanları yaradır və məqsəd tələbələr və pedaqoji heyətə ixtisasından asılı olmayaraq, gələcəyin bacarıqlarını öyrənmək şansı verməkdir. O əlavə edib ki, bu təşəbbüs şəxslərin ayrı-ayrılıqda fərdi inkişafı, həm də ümumilikdə cəmiyyətin intellektual potensialının gücləndirilməsini hədəfləyir.

Bildirilib ki, “Milli Proqramda” qeydiyyatdan keçən vətəndaşlar mərhələli şəkildə layihədən yararlanırlar. İlk mərhələdə 7500 istifadəçi platformada 6 həftə ərzində 45 minə yaxın təlimə müraciət edib və onlardan 14000-dən çoxunu uğurla başa vurublar. May ayının 14-də daha 7500 istifadəçi təlimlərə başlayıb və bu günə kimi artıq 3000-dən çox təlimi başa vuraraq beynəlxalq sertifikat əldə ediblər. İstifadəçilər arasında 21–30 yaş aralığında olan gənclər üstünlük təşkil edib. Bu günə kimi “Milli Proqram”a müraciət edən ən gənc iştirakçının 12, ən yaşlı iştirakçı isə 72 yaşında olub.

Tədbirdə iştirak edən bp şirkətinin Yaxın Şərq və Xəzər ölkələrində kommunikasiya və təşviqat üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Pasha Holding”in baş icraçı direktorunun müavini Ad Boon, “Azerconnect Group”un kommersiya üzrə baş direktoru Müşfiq Əliyev “Milli Proqram”ın tərəfdaşı kimi layihəyə töhfə verməkdən məmnun olduqlarını bildiriblər. Layihənin yaşından, ixtisasından və regionundan asılı olmayaraq hər kəsə öyrənməyə şərait yaratması xüsusi qeyd olunub.

“Coursera” şirkətinin Tərəfdaşlıqlar üzrə baş direktoru Larisa Vitkroft və Müştəri uğuru üzrə baş meneceri Vera İqnatyeva “Gələcəyin peşələri və bacarıqları” mövzusunda təqdimatla çıxış ediblər.

“Milli Proqram”ın iştirakçıları arasında ən yaxşı nəticə göstərən istifadəçilər təcrübələrini paylaşıblar. Aktiv iştirakçılara 4SİM, TİF və “Coursera” adından sertifikatlar təqdim edilib.

Yaşından və ixtisasından asılı olmayaraq hər kəs “Milli Proqram”da iştirak edə bilər. Qoşulmaq istəyən vətəndaşlar https://form.4sim.gov.az/ linkindən keçid edərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, ötən il “4Sİ Akademiyası”nın ilkin mərhələsində 10 000 nəfər 1 il ərzində növbəli şəkildə “Coursera” platformasında ödənişsiz kurslardan faydalanıb. İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

Xəbər lenti

Xəbər lenti