Bakı. Trend:
Livanın Kavaşra kəndində fəaliyyət göstərən Azərbaycan Evində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir təşkil edilib. Tədbirə kənddə yaşayan türkmənlər qatılıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Evində fəaliyyət göstərən Azərbaycan tarixi və mədəniyyəti, eləcə də türk dilini tədris edən müəllimlər birgə təqdimatla çıxış ediblər.
Təqdimatlar vasitəsilə ölkəmizin zəngin tarixi və mədəni irsi barədə bilgilər paylaşılıb. Şagirdlərə interaktiv üsullarla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, onun dövlətçilik tarixindəki əhəmiyyəti və müstəqillik ənənələri barədə məlumat verilib.
Uşaqlar üçün maraqlı və maarifləndirici şəkildə keçirilən tədbirin əsas məqsədi gənc nəslin milli dəyərlər və tariximizə dair biliklərini artırmaq və onlarda vətənpərvərlik hissini gücləndirmək olub.