...

Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub (FOTO)

Cəmiyyət Materials 30 May 2025 12:37 (UTC +04:00)
Norveçdə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş musiqili videolayihə təqdim olunub (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Norveçdə 28 May - Müstəqillik Günündə görkəmli bəstəkar, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə musiqili videolayihə hazırlanıb.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Norveçdə yaşayan azərbaycanlı musiqiçilər — pianoçu və bəstəkar Tural Rafael və pianoçu Aida Ramazanovanın hazırladığı videonun əsasını Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından seçilmiş bir hissənin iki fortepiano üçün işlənmiş orijinal interpretasiyası təşkil edib. Fortepiano üçün aranjeman və nota işləmə Tural Rafaelə məxsusdur.

Videolayihənin ideya müəllifi Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Fariz Nadir Rzayevdir. Çəkilişlər onun təsis etdiyi və Norveçdə fəaliyyət göstərən “FNR Art” şirkətinin dəstəyi ilə baş tutub. Layihənin vizual tərtibatı üçün isə Almaniyadan peşəkar azərbaycanlı operator Orxan Bari dəvət olunub.

Videonun Azərbaycan Respublikasının Müstəqillik Günü – 28 May tarixində təqdim edilməsinin təsadüfi olmadığını, bəstəkarın əsərlərinin, xüsusilə “Arşın mal alan”ın Azərbaycanın zəngin musiqi irsinin təbliğində mühüm rol oynadığını vurğulayıb. Fariz Nadir Rzayev layihədən danışarkən bildirib ki, bu layihə dahi bəstəkarın irsinə ehtiram əlaməti olmaqla yanaşı, Azərbaycanın zəngin musiqi mədəniyyətinin Avropada tanıdılmasına xidmət edir.

Qeyd edək ki, Tural Rafael “Kongsberg Jazzfestival”, “Musikkfest Oslo” kimi nüfuzlu festivalların iştirakçısı olub. O, Fransa, Almaniya, İtaliya, İsveçrə kimi ölkələrdə Azərbaycan musiqisini uğurla təmsil edib. Aida Ramazanova isə Qriq Akademiyasının məzunu, beynəlxalq müsabiqələr laureatı kimi klassik musiqi layihələrində fəal iştirak edir.

Bu layihə Azərbaycan musiqisinin beynəlxalq səviyyədə tanıdılması və mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət daşıyır.

Xəbər lenti

Xəbər lenti