...

Pedro Oliveira, Oliver Wyman şirkətinin Hindistan, Yaxın Şərq və Afrika üzrə İdarəedici Tərəfdaşı və şirkətin Azərbaycana yeni təyin olunmuş rəhbəri Camal İsmayılov ilə eksklüziv müsahibə (FOTO)

Cəmiyyət Materials 3 İyun 2025 10:30 (UTC +04:00)
Pedro Oliveira, Oliver Wyman şirkətinin Hindistan, Yaxın Şərq və Afrika üzrə İdarəedici Tərəfdaşı və şirkətin Azərbaycana yeni təyin olunmuş rəhbəri Camal İsmayılov ilə eksklüziv müsahibə (FOTO)

Bakı. Trend:

Azərbaycan iqtisadiyyatını diversifikasiya etdiyi və regional hədəflərini sürətləndirdiyi bir dövrdə, qlobal strateji idarəetmə və konsaltinq şirkəti olan Oliver Wyman ölkədə fəaliyyətini gücləndirir.

Bu müsahibədə Oliver Wyman-ın yüksək rütbəli rəhbərləri şirkətin Azərbaycanda artan rolu və ölkənin transformasiya yönümlü inkişaf gündəliyinə verdikləri dəstəklə bağlı fikirlərini bölüşüblər.

Oliver Wyman bu yaxınlarda Azərbaycanda bir sıra yüksək səviyyəli görüşlər keçirib. Şirkət və onun ölkədəki fəaliyyəti barədə daha ətraflı məlumat verə bilərsinizmi?

Pedro Oliveira: Oliver Wyman, biznes fəaliyyətini optimallaşdırmaq, əməliyyat effektivliyini artırmaq və böyüməni sürətləndirmək üçün müştəriləri ilə sıx əməkdaşlıq edən qlobal strateji konsaltinq şirkətidir. Biz qurumlarla gəliz problemlərin həlli və uzunmüddətli, dayanıqlı təsir yaratmaq üçün yaxından çalışırıq. Əsas gücümüz, çalışdığımız sahələrdə olan dərin bilikləri və təcrübəmizi praktik və effektiv həllərlə birləşdirərək davamlı nəticələr əldə etməkdən ibarətdir.

Biz Azərbaycanın inkişaf gündəliyinə aktiv şəkildə dəstək veririk. Bu günə qədər fəaliyyətimiz əsasən qurumların transformasiyası, potensialın gücləndirilməsi və müxtəlif sahələrdə inkluziv, gələcəyə yönəlmiş strategiyaların hazırlanmasına yönəlimişdir.

Azərbaycan bazarında iştirakınızı gücləndirməyə nə təşviq etdi?

Pedro Oliveira: Azərbaycanın diversifikasiya, innovasiya və regional liderlik üzərində qurulmuş gələcəyə iddialı baxışı, Oliver Wyman şirkətinin əsas ixtisas sahələri və uğurlu təcrübəsi ilə tam uyğunluq təşkil edir. Biz müxtəlif sahələri əhatə edən transformativ təşəbbüsləri istiqamətləndirməkdə ixtisaslaşmış şirkətik, buna görə də bu uyğunlaşma bizim üçün təbii oldu. Həmçinin Azərbaycanın inkişaf edən iqtisadi mühitində və onun Avropa ilə Asiya arasında strateji körpü rolunda böyük potensial görürük. Azərbaycanda mövcudiyyətimizi daha da dərinləşdirmək niyyətimiz, ölkənin uzunmüddətli inkişaf perspektivlərinə olan inamımızı və onun iqtisadi və sosial tərəqqisinə töhfə vermək öhdəliyimizi əks etdirir.

Bu öhdəliyimiz bu il Davosda Prezident İlham Əliyevin Oliver Wyman şirkətinin rəhbəri Nik Studer ilə görüşü zamanı daha da möhkəmləndi. Bu mühüm müzakirə zamanı cənab Studer şirkətin Azərbaycanda əməkdaşlıq edə biləcəyi bir neçə perspektivli sahəni qeyd etdi. Bunlara Azərbaycanın sığorta və maliyyə bazarlarının inkişaf etdirilməsi, ənənəvi və yaşıl enerji layihələrinin təşviqi və kənd təsərrüfatı ixracının artırılması daxildir.

Görüş zamanı, o həmçinin regionda yaranan ticarət imkanlarından maksimum yararlanmaq üçün dəyər zəncirinin lokallaşdırılmasının əhəmiyyətini vurğuladı.

Bu gün sizin Azərbaycan bazarına baxışınız necədir?

Camal İsmayılov: Azərbaycan son illərdə diqqətəlayiq irəliləyişlər əldə edib. Ölkənin strateji mövqeyi, zəngin təbii ehtiyatları və gələcəyə yönəlmiş siyasəti, davamlı inkişaf üçün möhkəm təməl yaradır. Biz Azərbaycanda qurumların müasirləşdirilməsi, insan kapitalına sərmayələrin qoyulması və beynəlxalq təcrübənin cəlb edilməsi istiqamətində atılan addımlardan məmnunuq. Bu yeni və perspektivli mərhələdə konstruktiv rol oynamağı səbirsizliklə gözləyirik.

Pedro Oliveira: Xüsusilə konsaltinq sektorunda biz bazarın sabit və güclü artıma hazır olduğunu görürük. Müxtəlif sahələrdə artan tələbat fəaliyyətimizi genişləndirmək üçün ideal şərait yaradır. Rəqabət güclü olsa da, bu yalnız innovasiyanı və mükəmməlliyi təşviq edir. Biz yeni yanaşmalar və innovativ həllər təqdim etməklə əlavə dəyər yaradacağımıza əminik.

Camal İsmayılov: Biz yerli komandamızı genişləndirməyə də eyni dərəcədə sadiqik. Qarşılaşdığımız Azərbaycanlı mütəxəssislərin potensialı yüksəkdir və biz yeni nəsil Azərbaycanlı konsultantlar ilə əməkdaşlıq etməkdən və onlardan öyrənməkdən məmnunuq. Əslində, Oliver Wyman artıq məzun proqramımız çərçivəsində yerli universitetlərdə işə qəbul tədbirlərinə start verib. Bu təşəbbüs bizim Azərbaycanda yerli istedadlara sərmayə qoymaq və gələcəyin liderlərini yetişdirmək öhdəliyimizi bir daha vurğulayır. Bizim üçün bu sadəcə layihələr üzrə təsir yaratmaqla məhdudlaşmır – əsas məqsədimiz yerli ekosistemlə birlikdə inkişaf etməkdir.

Oliver Wyman Azərbaycanda hansı istiqamətlər üzrə fəaliyyət göstərir?

Camal İsmayılov: Müştərilərimizlə işlərimiz məxfi xarakter daşıdığı üçün, hazırda hər hansı konkret layihə haqqında danışa bilmərik. Amma əsas fəaliyyətimiz qurumların gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və inklüziv inkişafın təşviqinə yönəlib. Biz dayanıqlı iş yerlərinin yaradılması, yeni sənaye sahələrinin inkişaf etdirilməsi və dövlət xidmətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslərdə iştirak edirik. Yanaşmamız həmişə əməkdaşlığa əsaslanır – nəticəyönümlü həllər üçün tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik.

Şirkətiniz Azərbaycandakı müştərilərlə necə çalışır?

Camal İsmayılov: Yerli kontekst hər şeydən vacibdir. Biz qlobal təcrübə və biliklər gətirsək də, fəaliyyətimizi daim yerli reallıqlara uyğunlaşdırırıq. Yanaşmamız sıx əməkdaşlıq, bilik mübadiləsi və uzunmüddətli potensialın artırılmasına əsaslanır. Məqsədimiz tərəfdaşlarımıza sadəcə məsləhət vermək deyil, onları gücləndirməkdir – çünki əsl transformasiya yalnız yerli təşəbbüs və davamlı çalışma nəticəsində baş verir.

Bunun mühüm bir hissəsi fəaliyyətimizin uzunmüddətli təsir göstərməsini təmin etməkdir. Biz yalnız uzaqgörən deyil, eyni zamanda praktiki və real problemləri həll edən, qurumları və icmaları gələcəyə hazırlayan strategiyalara diqqət yetiririk. Biliklərin ötürülməsi əsas prioritetimizdir: tərəfdaşlarımızı fəaliyyətimiz bitdiktən sonra da dəyişiklikləri davam etdirmək üçün lazımi vasitə və bacarıqlarla təmin edirik. Xüsusən rəqəmsal transformasiya və süni intellekt sahələrində yerli mütəxəssislərin bacarıqlarının artırılmasına önəm veririk. Əsas məqsədimiz sürətlə dəyişən dünyaya tez uyğunlaşa bilən, inkişaf edən və uğur qazanan dayanıqlı qurumların yaradılmasına dəstək olmaqdır.

Oliver Wyman Azərbaycanda daimi təmsilçilik yaratmağı planlaşdırırmı?

Camal İsmayılov: Biz ən qısa zamanda Bakıda daimi ofisimizi açmağı səbirsizliklə gözləyirik. Bu ofis bizim Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə mərkəzimiz olacaq, müştərilərimizə daha yaxın olmağımıza və milli, eləcə də regional prioritetlərin dəstəklənməsində daha fəal rol oynamağımıza imkan verəcək. Bu addım bizim Azərbaycana, habelə regionun gələcəyinə və strateji potensialına olan inamımızın bariz göstəricisidir.

Şirkətinizin yüksək səviyyəli rəhbər heyətinin bu yaxınlarda Bakıya etdiyi səfərin məqsədi nə idi?

Pedro Oliveira: Bakıda keçirilən yüksək səviyyəli toplantı strateji qərarların qəbulu üçün mühüm platforma rolunu oynadı. Burada biz inkişaf strategiyamız, ofisin açılması planları və regionda daha geniş təmsilçilik məsələləri barədə ətraflı müzakirələr apardıq. Bu görüş ümumi məqsədlərimizin razılaşdırılması, fikir mübadiləsi və bir çox məhsuldar görüşlər keçirmək üçün fürsət yaratdı. Biz həmçinin sürətlə inkişaf edən iqtisadi mühitdə Azərbaycanın mühüm potensialını araşdırmaq imkanı əldə etdik. Regiondakı komandamızın bir çox üzvləri ölkəni daha yaxından tanımaq üçün səfər çərçivəsində Bakıya gəldilər.

Camal İsmayılov: Bu yaxınlarda baş tutan səfər Azərbaycanın inkişaf məqsədlərinə dəstək vermək niyyətimizin daha bir sübutudur. İqtisadiyyatın şaxələndirilməsi, yeni iş yerlərinin yaradılması və institusional mükəmməlliyə necə töhfə verə biləcəyimizi əsas müzakirə mövzusu etdik. İstedadların inkişafı və biliklərin ötürülməsi əsas diqqət mərkəzində olan sahələr kimi önə çıxdı. Ümumilikdə isə, səfər Oliver Wyman şirkətinin əməkdaşlığın gücünə olan inamını, müştərilərə dəstək olmaq və həm dövlət, həmçinin də özəl sektorda uzunmüddətli dəyər yaratmaq niyyətini vurğuladı.

Xəbər lenti

Xəbər lenti