Bakı.Trend:
Builki yeni layihələrdə Qərbi Azərbaycan hekayələrinin daha təsirli vasitələrlə - musiqi, bədii əsərlər, ekran həlləri, sənətkarlıq nümunələri əsasında ifadəsinə üstünlük verilməsi müşahidə edilir.
Trend xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin departament direktoru Elnur Bağırlı “Qərbi Azərbaycana qayıdış” mövzusunda icra edilən QHT layihələri ilə bağlı ictimai hesabat xarakterli brifinqdə deyib.
“Monitorinq nəticələrimiz də göstərir ki, bu üsullarda təbliğat daha çox diqqət cəlb edir. Yaxın günlərdə “Bizi Birləşdirən Mədəniyyət” İctimai Birliyinin icra etdiyi layihə çərçivəsində “Zəngəzur mahnısı” ictimaiyyətə təqdim olunacaq, radiolarda səslənəcək. Bu musiqi əsərini Azərbaycanın tanınmış sənətkarları ifa ediblər. Aşıqların konsert proqramları da Qərbi Azərbaycan nisgilini çatdıracaq", - o qeyd edib.
E.Bağırlının sözlərinə görə, "Dədə Ələsgər Ocağı" İctimai Birliyinin “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı”, "Ozan Dünyası" Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin “Aşıqlar Qərbi Azərbaycanı tərənnüm edir”, Azərbaycan Aşıqlar Birliyinin “Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” layihələri bu qəbildəndir:
"Bundan başqa, "Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım" İctimai Birliyi Özbəkistanda Qərbi Azərbaycan mövzusunda sərgi təşkil edəcək”.