...

Dubayda beynəlxalq konfransda sensasiya: Göz rəngi dəyişdirilmiş pasiyentdə Azərbaycanda ilk dəfə uğurla katarakta əməliyyatı icra olundu

Cəmiyyət Materials 12 İyun 2025 10:24 (UTC +04:00)
Dubayda beynəlxalq konfransda sensasiya: Göz rəngi dəyişdirilmiş pasiyentdə Azərbaycanda ilk dəfə uğurla katarakta əməliyyatı icra olundu

Bakı. Trend:

30–31 may tarixlərində Dubayda FLAAK (Kolor2025) mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbir dünyanın müxtəlif ölkələrindən olan aparıcı oftalmoloqları bir araya gətirdi. ABŞ, İspaniya, İtaliya, Fransa, Latın Amerikası və Türkiyədən olan alim və həkimlər öz son texnologiyalarını və klinik nailiyyətlərini təqdim etdilər.

Azərbaycandan tədbirdə doktor Cahid Şahbazov iştirak etdi. O, ölkəmizdəki oftalmologiya sahəsində mühüm bir yeniliyi təqdim etdi — Azərbaycanda ilk dəfə FLAAK əməliyyatından sonra uğurla katarakta əməliyyatı həyata keçirilib.

FLAAK (Femtosaniyəli Lazer Dəstəyi ilə Estetik Keratopiqmentasiya) – göz rənginin təhlükəsiz şəkildə dəyişdirilməsinə imkan verən müasir texnologiyadır. Bu metod ilk dəfə 20 il əvvəl İspaniyada, sonradan İtaliya və Fransada tətbiq olunmağa başlanıb. ABŞ-da isə 5 ildi icra olunur. Azərbaycanda FLAAK əməliyyatları ötən ildən etibarən icra olunur və bu sahədə pioner rolunu məhz doktor Şahbazov oynayıb.

Metod ölkə daxilində tibb ictimaiyyəti arasında müzakirələrə səbəb olmuşdu. Bəzi mütəxəssislər prosedurun təhlükəsizliyinə şübhə ilə yanaşır, hətta FLAAK-ın beynəlxalq praktikalarda tətbiq olunmadığını iddia edirdilər. Lakin konfransda təqdim edilən elmi nəticələr və statistik məlumatlar bu şübhələri qəti şəkildə aradan qaldırdı.

— FLAAK proseduru hələlik Amerika Oftalmologiya Cəmiyyəti tərəfindən kosmetik göz rəngi dəyişdirmə metodu kimi rəsmən təsdiqlənməsə də, — deyə doktor Cahid Şahbazov qeyd edib, — bu əməliyyat hazırda dünya üzrə 20-dən çox ixtisaslaşmış mərkəzdə aparılır. Azərbaycanda bu əməliyyatlara keçən ilin sentyabr ayından başlamışıq və bu, həm tibbi ictimaiyyət, həm də cəmiyyət arasında geniş müzakirələrə səbəb oldu. 10 ay ərzində 100-dən artıq prosedur icra etdik, pasiyentlərin 60–70%-i xarici vətəndaşlardır. Eyni zamanda, FLAAK əməliyyatının göz anatomiyası və refraksiya xüsusiyyətlərinə təsirini araşdırmaq məqsədilə elmi-tədqiqat işlərinə başlamışıq. İlkin üç aylıq nəticələr ümidvericidir və yaxın vaxtlarda beynəlxalq tibbi jurnallarda dərc olunması planlaşdırılır.

Konfransda təqdim etdiyimiz statistik materiallar və video görüntülər FLAAK əməliyyatından 6 ay sonra uğurla aparılmış katarakta əməliyyatını nümayiş etdirdi — bu, çox müzakirə olunan vacib bir suala aydın cavab oldu. Həmçinin, tədbir çərçivəsində FLAAK və digər lazer əsaslı keratopiqmentasiya texnologiyaları ilə çalışan mütəxəssisləri bir araya gətirən beynəlxalq təşkilat — Keratopigmentation International Society (KIS) təsis olundu. Mən də bu qurumun təsisçilərindən biri oldum.

FLAAK tamamilə estetik məqsədli prosedurdur və mənim ümumi əməliyyatlarımın yalnız 1%-ni təşkil edir. Buna baxmayaraq, bu prosedurun gələcək üçün böyük potensialı var və onun beynəlxalq səviyyədə elmi şəkildə qəbul edilməsi və dəstəklənməsi bu sahənin inkişafında mühüm rol oynayacaq.

Doktor Şahbazovun çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Mütəxəssislər FLAAK-dan sonra belə mürəkkəb bir əməliyyatın uğurla aparılmasının Azərbaycanda oftalmologiyanın yüksək səviyyədə olduğunu təsdiqlədiyini vurğuladılar. Bu uğur ölkəmizin beynəlxalq tibbi arenadakı mövqeyini daha da möhkəmləndirir və yüksək texnologiyalı göz cərrahiyyəsinin ölkə daxilində inkişafına yeni imkanlar açır.

https://www.instagram.com/reel/DKbelE_NAk8/?igsh=MXNvZWV0YXhnNjRkOQ%3D%3D

Xəbər lenti

Xəbər lenti