...

Dəmir yolları ətrafındakı qanunsuz tikintilər uzun müddətdir davam edən problemdir - Bəxtiyar Hacıyev

Cəmiyyət Materials 23 İyul 2025 18:33 (UTC +04:00)
Dəmir yolları ətrafındakı qanunsuz tikintilər uzun müddətdir davam edən problemdir - Bəxtiyar Hacıyev
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir.

Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommunikasiya Departamentinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.

Onun sözlərinə görə, əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Böyükşor və Keşlə sahələrində mühafizə zolağını nəzərə almadan tikilən evlər ciddi təhlükə yaradır:

"Dəmiryol xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır. Bu zolağın eni 20 metrdən 100 metrə, bəzi yerlərdə isə daha artıq sahəni əhatə edir və xüsusilə yanğın təhlükəsizliyi, qəza kimi halları nəzərə alaraq təyin olunur.

Azərbaycan Dəmir Yolları qanunsuz tikilən yaşayış və qeyri-yaşayış obyektləri ilə bağlı davamlı monitorinq aparır. Qanunsuz tikililər aşkar edildikdə, müvafiq tədbirlər görülməsi üçün aidiyyəti qurumlara məlumat verilir.

Dəmir yolları ətrafındakı qanunsuz tikililər dövlət layihələrinin həyata keçirilməsinə də maneələr törədir. “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda Abşeron dairəvi marşrutu üzrə bir sıra dəmiryol xətlərinin yenidən qurulması və təkmilləşdirilməsi nəzərdə tutulur".

Qurum rəsmisi qeyd edib ki, qanunsuz tikililər dəmiryol xətlərinə mütəmadi göstərilən texniki xidmət və təmir işlərini çətinləşdirir:

"Qeyd edilən sıx məskunlaşma sakinlərin həyatını riskə atır. Bu ərazilərdə qatarların qarşısına qəfil insan və heyvan çıxma halları artıb ki, bu da bəzən faciə ilə nəticələnir. Sıx məskunlaşma həmçinin qatarların aşağı sürətlə hərəkət etməsinə səbəb olur ki, bu da xidmət keyfiyyətinə mənfi təsir göstərir.

Onu da nəzərə almaq lazımdır ki, bu xətlərlə sutka ərzində orta hesabla 100 qatarla sərnişin daşımaları həyata keçirilir. Ay ərzində daşınan sərnişin sayı təxminən 700-800 min nəfər arasındadır".

O həmçinin əlavə edib ki, Nərimanov Rayon Polis İdarəsində qeyd edilən ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti