Bakı. Trend:
Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov nazirliyin rəsmi səhifəsinə müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Rövşən müəllim, məktəbə ilk dəfə başlayan uşaqların valideynləri hansı düzgün yanaşmanı seçməlidirlər?
- Məktəbə başlamaq həm uşaqlar, həm də valideynlər üçün çətin
ola bilər. Bu mərhələdə narahatlıq hissi təbiidir, çünki uşaqlar
müəyyən yaşa qədər əsasən valideynləri ilə sıx bağlı həyat
yaşayırlar. Məktəbə başlama ilə bu dinamika dəyişir.
Qeyd etmək istərdim ki, məktəb hər bir uşağın həyatında mühüm
addımdır. Valideynlərin və müəllimlərin münasibəti uşağın
inkişafına mühüm təsir göstərir. Uşağın ilk müqaviməti onun
öyrəşməyəcəyi demək deyil. Keçid dövrü hər uşaqda fərqlidir.
Bəziləri tez uyğunlaşır, digərləri isə daha çox vaxt tələb
edir.
Ayrılıq narahatlığı yaşayan uşaq valideyninin qayıtmayacağından
qorxa bilər. Zamanla öyrənirlər ki, ayrılıq müvəqqətidir. Məktəb
bitdikdən sonra valideynləri mütləq onları qarşılayacaq.
- Tətildən sonra məktəbə geri dönən uşaqların dərs prosesinə adaptasiyası üçün hansı psixoloji dəstək üsulları tövsiyə olunur?
- Tətil günlərinin rahatlığından sonra məktəb mühitinə
uyğunlaşmaq uşaqlarda həyəcan yarada bilər. Səhər tezdən oyanmaq və
dərs məsuliyyəti keçidi çətinləşdirə bilər. Valideynlər üçün əsas
məqam bu narahatlığın normal olduğunu anlamaqdır. Yeni vəziyyət
öncəsi hiss olunan həyəcan beynin dəyişikliklərə hazırlaşmasına
kömək edir. Buna görə də uşaqlara bu çətinliklərin müvəqqəti
olduğunu izah etmək vacibdir.
Uşağın hisslərini qəbul etmək və başa düşüldüyünü göstərmək təsirli
dəstək yoludur. Məsələn, “Mən başa düşürəm ki, məktəbə qayıtmaq
sənə bir az çətin görünə bilər” demək uşağa güvən verir. Uşaqlar
streslə mübarizəni valideynlərdən öyrənirlər. Böyüklərin
çətinliklərə sakit yanaşması onlar üçün nümunədir. Valideynin “Mən
yorğun oluram, amma sakitləşmək üçün dərin nəfəs alıram” deməsi
uşağa narahatlığını idarə etməyi öyrədə bilər.
Açıq ünsiyyət və nümunəvi davranış uşaqların yeni dərs ilinə inamla
uyğunlaşmasına kömək edir.
- Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşmasını asanlaşdırmaq üçün hansı psixoloji yanaşmalar daha səmərəli hesab olunur?
- Uşaqların yeni müəllim və sinif yoldaşlarına uyğunlaşması üçün
ünsiyyət və empatiya bacarıqlarının öyrədilməsi vacibdir.
Həmyaşıdları ilə münasibət qurmaq, başqalarını dinləmək sosial
mühitə tez uyğunlaşmağa kömək edir. Başqalarına kömək etməyə təşviq
də mühüm rol oynayır. Uşaqlara dəstək göstərdikcə onlar özlərini
həm faydalı hiss edir, həm də daha tez qəbul olunurlar.
Gündəlik rejimə sadiq qalmaq, öyrənmə ilə oyun arasında balans
yaratmaq adaptasiyanı asanlaşdırır. Hisslərin idarə olunması,
streslə mübarizə bacarıqlarının inkişafı faydalıdır. Dərin nəfəs
almaq, istirahət və yaradıcılıq uşağı rahatladır. Özünə qulluq,
düzgün qidalanma və kifayət qədər yuxu psixoloji sabitliyi
gücləndirir. Kiçik nailiyyətlərin qeyd olunması motivasiyanı
artırır. Keçmiş çətinliklərin öhdəsindən gəlmək xatırladıldıqda
uşağın özünə inamı möhkəmlənir. Açıq ünsiyyət və dəstək onların
uyğunlaşmasını asanlaşdırır.
- Məktəb dövrünün başlanğıcı ilə bağlı uşaqların yuxu və gündəlik rejiminin tənzimlənməsi üçün hansı tövsiyələr mövcuddur?
- Dərslərin başlamasına iki həftə qalmış yatmaq və oyanmaq vaxtları tədricən tezləşdirilməlidir. Bu, uşağın məktəb cədvəlinə uyğunlaşmasını asanlaşdırır. Yuxu cədvəli yaradıldıqdan sonra ona hər gün əməl olunmalıdır. Yatmazdan əvvəl sakitləşdirici fəaliyyətlər faydalıdır. Duş qəbul etmək və kitab oxumaq rahatlaşdırıcı təsir göstərir. Elektron əyləncələr məhdudlaşdırılmalı, ağır yeməklərdən uzaq durulmalıdır. Yuxu mühiti qaranlıq və sakit olmalıdır. Yataq rahat, otaq temperaturu isə normal saxlanmalıdır. Kompüter və televizor kimi vasitələr yuxu mühitindən çıxarılmalıdır. Valideynlər də yuxu rejiminə əməl etməklə nümunə göstərməlidirlər. Sağlam yuxu vərdişləri uşağın məktəbə enerjili başlamasına kömək edir.
- Uşaqlarda məktəbə qarşı maraq və motivasiyanın artırılması məqsədilə valideynlər hansı üsullardan istifadə edə bilərlər?
- Məktəbə maraq və motivasiyanın artırılmasında valideynlərin
dəstəyi əsasdır. Onlar övladlarının təhsil prosesində iştirak
etdikdə, uşaqlar dərslərə daha çox həvəs göstərir və özlərinə inam
qazanırlar. Evdə öyrənməni təşviq edən mühit yaratmaq müsbət təsir
göstərir. Oxu vərdişləri formalaşdırmaq, ev tapşırıqlarına maraqla
yanaşmaq və məktəb hadisələrindən danışmaq vacibdir. Müəllimlərlə
davamlı əlaqə və məktəb tədbirlərinə qatılmaq uşaqların məktəbi
daha dəyərli görməsinə kömək edir.
Kiçik yaşlardan müsbət mühit yaratmaq təhsilə marağı gücləndirir.
Belə uşaqlar sinifdə özlərini inamlı aparır və motivasiya
qazanırlar. Valideynlərin real gözləntilər qoyması mühümdür.
Uşaqlar dəstəkləndiyini hiss etdikdə daha çox səy göstərirlər.
Məktəb və ailə əməkdaşlığı şagirdlərin həm akademik, həm də sosial
inkişafını dəstəkləyir.
- Məktəbə qayıdan uşaqlarda diqqət çatışmazlığı və dərslərə qarşı laqeydlik müşahidə olunduğu təqdirdə, valideynlər hansı addımları atmalıdırlar?
- Diqqət çatışmazlığı və laqeydlik həm nevroloji, həm də
psixoloji amillərlə bağlı ola bilər. Uşaqlar sakit oturmaqda və
diqqəti toplamaqda çətinlik çəkə bilərlər. Motivasiya zəifliyi və
özünəinamın azalması da bu çətinliyi artırır. Valideynlər həm
nevroloji xüsusiyyətləri nəzərə almalı, həm də psixoloji dəstək
göstərməlidirlər.
Müəllimlərlə əməkdaşlıq aparmaq vacibdir. Tapşırıqları kiçik
hissələrə ayırmaq, qısa fasilələr vermək və vizual öyrənmədən
istifadə etmək diqqəti artırır. Hərəkət ehtiyacını qarşılamaq,
idman və açıq hava fəaliyyətlərinə imkan yaratmaq faydalıdır.
Psixoloji tərəfdən uşağın nailiyyətlərini dəyərləndirmək,
motivasiya etmək və özünəinamını gücləndirmək önəmlidir.
Valideyn yalnız nəticələrə deyil, cəhdlərə də dəyər verməlidir.
Uğurlar müsbət rəy və emosional dəstək ilə möhkəmləndirilməlidir.
Uşağın ehtiyaclarını müəllimlərə çatdırmaq və əməkdaşlığı ardıcıl
aparmaq həm öyrənmə, həm də sosial mühitdə uğur qazanmasına kömək
edir.
- Valideynlərin uşaqlarına məktəbə alışma dövründə dəstək olmaq istəyərkən ən çox yol verdikləri səhvlər hansılardır?
- Əsas səhvlərdən biri valideynlərin “redaktor” rolunu öz
üzərinə götürməsidir. Uşağın yazılarını xırda səhvlərlə doldurmaq
öyrənməni təşviq etmir. Əksinə, uşağın özünü mühakimə altında hiss
etməsinə səbəb olur. Daha faydalı yanaşma sadə ipucları vermək və
uşağın səhvləri özünün düzəltməsinə şərait yaratmaqdır.
Digər səhv uşağın suallarına münasibətdə ifratçılıqdır. Bəzən
valideynlər sualları görməzlikdən gəlirlər, bəzən isə həddən artıq
uzun cavablar verirlər. Bu, ya marağın itməsinə, ya da yalnız
böyüklərin cavabları ilə kifayətlənməyə gətirib çıxarır.
Ən düzgün yanaşma uşağı düşünməyə sövq etməkdir. Valideynlər çox
vaxt faktların əzbərlənməsinə üstünlük verirlər. Riyaziyyatda qısa
yollar öyrətmək və ya söz siyahılarını əzbərlətmək biliklərin
mahiyyətini kölgədə qoyur. Halbuki, əsas məqsəd uşağın düşündüyünü
izah etməsi və öyrəndiklərini tətbiq edə bilməsidir.
Digər səhv inkişaf mərhələlərinə həddən artıq fokuslanmaqdır.
Valideynlər uşağın müəyyən yaşda mütləq oxumağı və ya riyaziyyatda
nəticə göstərməsini tələb edirlər. Halbuki, inkişaf hər uşaqda
fərqli gedir. Gündəlik kiçik nailiyyətləri görmək və dəyərləndirmək
daha sağlam yanaşmadır.
Valideyn uşağın ən mühüm dəstəkçisidir. Səhvləri öyrənmənin bir
hissəsi kimi qəbul etmək, pozitiv ünsiyyət qurmaq və nailiyyətləri
dəyərləndirmək uşağın məktəbə uyğunlaşmasını asanlaşdırır.
Öyrənməni isə davamlı prosesə çevirir.