Bakı. Trend:
Almaniyanın Şimali Reyn-Festfaliya (NRW) əyalətində keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrinə əsasən, Xristian Demokratlar İttifaqı (CDU) 34,6 faiz səslə lider olub. Bu, partiyanın 2020-ci il seçkilərindəki göstəricisi ilə demək olar ki, eynidir.
Trend WDR televiziyasına istinadla xəbər verir ki, Sosial Demokratlar Partiyası (SPD) 22 faiz səslə ikinci yeri tutub. Bu nəticə partiyanın əvvəlki seçkilərlə müqayisədə 2,3 faiz azdır.
Almaniya üçün Alternativ (AfD) partiyası isə 15,3 faiz səslə üçüncü yerdə qərarlaşıb və nəticəsini 10,3 faiz yaxşılaşdırıb.
Ən çox səs itirən partiya Yaşıllar olub – 2019-cu ildə 20 faiz səslə birincilik qazanan partiya bu dəfə cəmi 12,9 faiz səs toplayıb.
Digər nəticələr:
Azad Demokratlar Partiyası (FDP) – 3,3 faiz (-2,3 faiz)
Sol Partiya – 5,3 faiz (+1,5 faiz)
Digər partiyalar – 6,6 faiz.
Qeyd edək ki, NRW əyalətində 13,7 milyon seçici mövcuddur.
