Bakı. Trend:
İran və onun nüvə obyektlərinə qarşı istənilən addım atıldığı, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən icrası dayandırılan qətnamələr bərpa olunduğu halda, İran və AEBA arasındakı əməkdaşlıq metodu ilə bağlı razılaşmanın icrası dayandırılacaq.
Trend-in məlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi arasında imzalanan razılaşma haqda yayımladığı bəyanatda qeyd olunur.
Bəyanata əsasən, İran və AEBA arasında yeni əməkdaşlıq metodunun mətni İranın Ali Milli Təhlükəsizlik Şurasının nüvə komitəsində araşdırılıb və imzalanıb. Ümumilikdə bu komitənin təsdiqlədiyi mətn əsasında İran və AEBA arasında əməkdaşlıq metodu formalaşıb.
Bəyanatda bildirilir ki, ölkənin müxtəlif əlaqədar qurumlarının yüksək səviyyəli rəsmilərindən ibarət Ali Milli Təhlükəsizlik Şurasının nüvə komitəsi bütün dövrlərdə bu şura tərəfindən icazə əsasında qərar verib və hazırda da həmin formada qərar verməkdədir.
Bəyanatda əlavə olunur ki, ABŞ və İsrail tərəfindən vurulan və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində olan İranın nüvə obyektləri ilə əlaqədar lazımi təhlükəsizlik şəraiti yarandıqdan sonra Ali Milli Təhlükəsizlik Şurasının rəyi əsasında İran öz hesabatını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim edəcək. Növbəti mərhələdə isə İran və AEBA arasında agentliyə ünvanlanan hesabat haqda əməkdaşlıq metodları haqda razılıq əldə olunmalı və istənilən addım haqqında Ali Milli Təhlükəsizlik Şurasının təsdiqi alınmalıdır.
Əlavə edək ki, 11 sentyabrda İran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Misir paytaxtı Qahirədə qarşılıqlı əlaqələri bərpa etmək və Tehranın nüvə obyektlərində bütün yoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalar barədə razılığa gəliblər.
Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cü müddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfin planı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır. Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMT Təhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMT Təhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda, İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər. Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbi əməliyyat icazəsi verir.