Bakı. Trend:
ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Steven Uitkoff “Witkoff Group” şirkətindəki payını 120 milyon dollara satıb.
Trend “Bloomberg”ə istinadla xəbər verir ki, Uitkoff bu addımı administrasiyadakı fəaliyyəti ilə biznes maraqları arasında potensial toqquşmadan qaçmaq üçün atıb. Maliyyə bəyannaməsi avqust ayında təqdim olunub.
Sənəddə onun rəsmi olaraq 30 iyun tarixindən ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətə başladığı göstərilir. Bununla yanaşı, Uitkoff Donald Trampın komandasına hələ inauqurasiyadan əvvəl qoşulub.
Məlumata görə, xüsusi elçinin ümumi aktivləri 350 milyon dollardan çoxdur. O, “SpaceX”, “Cisco Systems” və “Uber Technologies” kimi şirkətlərdə də paya sahibdir. Uitkoff həmçinin 31 milyon dollardan artıq borcunun olduğunu, əsasən də təyyarə alışı üçün götürülən kreditlərlə bağlı olduğunu açıqlayıb.