Bakı. Trend:
Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampı açıq və dürüst dialoqa dəvət edib.
Trend xəbər verir ki, bu barədə Silvanın The New York Times üçün yazdığı məqalədə qeyd olunub.
“ABŞ prezidenti ilə açıq və dürüst dialoq qurmaq üçün bu məqaləni yazmağa qərar verdim. Onilliklər ərzində həmkarlar ittifaqı lideri, daha sonra prezident kimi bütün tərəfləri dinləməyi və maraqları nəzərə almağı öyrəndim”, – deyə Lula da Silva vurğulayıb.
O, Trampın amerikalılara iş yerlərini qaytarmaq niyyətinin legitimliyini etiraf etsə də, Vaşinqtonun Braziliya da daxil olmaqla ayrı-ayrı ölkələrə tariflər tətbiq etməsini “yanlış resept” adlandırıb.
Prezident əlavə edib ki, çoxtərəflilik daha ədalətli və balanslı həllər təklif edir: “Tariflərin artırılması nəinki yanlışdır, həm də məntiqsizdir. Bu tədbirlərin iqtisadi əsaslandırılmasının olmaması açıq şəkildə göstərir ki, Ağ Evin bu məsələdə siyasi motivi var”.