Bakı. Trend:
Ötən il ərzində qazma təşkilatları tərəfindən 70970 m, o cümlədən 68673 m istismar və 2297 m kəşfiyyat qazma işi aparılıb. 47 quyunun tikintisi qurtarılaraq sifarişçiyə təhvil verilib.
Bu barədə Trend Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2024-cü ilin hesabatına istinadən xəbər verir.
Bildirilib ki, dəniz sahələrində ümumilikdə 20740 m qazma işi görülüb, bunun 18443 m-i istismar, 2297 m-i isə kəşfiyyat qazması olub.
Qeyd edilib ki, 2024-cü il ərzində dənizdə tikinti ilə qurtaran 11 quyu sifarişçiyə təhvil verilib. Quru sahələri üzrə 50230 m istismar qazma işi aparılıb, kəşfiyyat qazması olmayıb. 2024-cü il ərzində quruda tikintisi başa çatmış 36 quyu sifarişçiyə təhvil verilib.
Məlumata əsasən, 2024-cü il ərzində dənizdə - “Bulla-Dəniz”, “Günəşli”, “Neft Daşları”, “Qərbi Abşeron” yataqlarında, quruda isə - “Pirallahı”, “Bibiheybət”, “Qaradağ” “Qalmaz”, “Zağlı-Zeyvə”, “Əmirxanlı” və “Sədan” yataqlarında qazma işləri aparılıb. Bunlardan yalnız “Bulla-Dəniz” yatağında istismar (118 nömrəli quyu) və kəşfiyyat (92 nömrəli quyu) qazması, qalan yataqlarda isə ancaq istismar qazması aparılıb.
Bildirilib ki, “Kompleks Qazma İşləri” Tresti (KQİT) tərəfindən 44177 m qazma işi görülüb ki, bunun da hamısı istismar qazması olub. 2024-cü ildə KQİT üzrə kəşfiyyat qazması işləri aparılmayıb.
Qeyd edilib ki, Trest üzrə 41 quyunun tikintisi başa çatmış və sifarişçiyə təhvil verilmişdir. O, cümlədən “Neft Daşları-Günəşli” İstehsalat Bölümü üzrə 23, “Abşeron” İstehsalat Bölümü üzrə 15, “Sahil” İstehsalat Bölümü üzrə 3 quyu təhvil verilib. Təhvil verilən quyuların hamısı istismar quyuları olub.