Bakı. Trend:
ABŞ Dövlət Departamenti əvvəlcə Danimarkaya hər biri üç buraxılış qurğusundan ibarət iki “Patriot” batareyasını və əlaqəli avadanlıqları 8,5 milyard dollara satmağa razılaşmışdı.
Trend xəbər verir ki, sonradan qiymət 3,2 milyard dollara endirilsə də, müqavilə hələ də imzalanmayıb.
“Defense Express” yazır ki, Danimarka ümumilikdə hava hücumundan müdafiə təchizatına 8 milyard dollardan az vəsait ayırmağı planlaşdırır. Lakin yüksək qiymət səbəbindən Kopenhagen sonda ABŞ istehsalı olan “Patriot” sistemləri əvəzinə Avropanın SAMP/T NG komplekslərini seçmək qərarına gəlib.
Məlumata görə, Danimarka ən azı dörd SAMP/T NG sistemi sifariş etməyi planlaşdırır. Ümumilikdə isə ölkə 7,77 milyard avro sərmayə yatıraraq, qısa və orta mənzilli komplekslər də daxil olmaqla, hava hücumundan müdafiə sistemlərinin sayını 32-yə çatdırmağı nəzərdə tutur.