Bakı: Trend
Azərbaycan Dövlət Statistika Komitəsi məlumatların toplanması, işlənməsi və təqdimatı proseslərini optimallaşdırmaq məqsədilə Çin təcrübəsini öyrənməyi planlaşdırır.
Trend xəbər verir ki, bu fikirləri Çinin Siyahıyaalma Mərkəzinin baş direktorunun müşaviri Dze Can Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumunda bildirib.
Müşavir qeyd edib ki, son illərdə süni intellektin sürətli inkişafı hökumətlərdən, biznes qurumlarından və ictimaiyyətdən statistik məlumat xidmətlərinə daha yüksək tələblər irəli sürür.
Dze Can bildirib ki, artan məlumat həcmi sosial və iqtisadi fəaliyyətlərin təşkili üçün yeni imkanlar açmaqla yanaşı, statistik və analitik işlər üçün də böyük çağırışlar yaradır:
“Məhz buna cavab olaraq Çin Dövlət Statistika Komitəsi bulud texnologiyaları və süni intellektin statistik işlərdə tətbiqini gücləndirib və vahid bulud platformasının yaradılmasını hədəfləyib”.
Onun fikrincə, bu təcrübə Azərbaycanın statistik məlumatların rəqəmsallaşdırılması və idarə olunması prosesində də faydalı ola bilər.