Bakı. Trend:
ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyası 27 Sentyabr – Anım Günü ilə əlaqədar məlumatlandırıcı məktub kampaniyası keçirib. Kampaniya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların əziz xatirəsinə həsr olunub.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, ABŞ Prezidenti Donald Trampa, eləcə də senatorlara və konqres üzvlərinə göndərilən məktublarda uzun illər ərzində Azərbaycan torpaqlarının işğal altında qaldığı, nəticədə bir milyondan çox insanın doğma yurdlarını tərk etməyə məcbur olduğu vurğulanıb. 44 gün davam edən Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi və hazırda uğurla davam etdirilən “Böyük Qayıdış” proqramı diqqətə çatdırılıb. Həmçinin azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, həmin ərazilərin minalardan təmizlənmə prosesi haqda bilgilər verilib.
Məktublarda ABŞ-nin Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri yüksək qiymətləndirilib və bu dəstəyə görə təşəkkür ifadə olunub.
Azərbaycan-Amerika Gənclər Federasiyası Azərbaycan ilə ABŞ arasında sülh, ədalət və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini bəyan edib.