Bakı. Trend:
Azərbaycan ilə İtaliya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri ikitərəfli əlaqələrin daha da inkişafına yeni imkanlar açacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, Azərbaycan və İtaliya uzun illərdir etibarlı tərəfdaş kimi müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edirlər:
“Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqətəlayiqdir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və İtaliya bu baxımdan əsas tərəfdaşlardan biridir. Azərbaycan və İtaliya münasibətləri təkcə enerji sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın Avropada ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında iqtisadiyyat, mədəniyyət, turizm və humanitar sahələrdə də uğurlu əməkdaşlıq mövcuddur. Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarına çıxarılmasında İtaliyanın xüsusi rolu var. Trans-Adriatik qaz boru kəməri (TAP) məhz bu strateji tərəfdaşlığın real nəticələrindən biridir. Bundan başqa, iki ölkə arasında möhkəm müqavilə-hüquq bazası formalaşıb. Onların sırasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin xüsusi yeri var”.
A.Həsənova həmçinin qeyd edib ki, səfər çərçivəsində Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı böyük tarixi hadisədir:
“Bu universitetin yaradılması iki ölkə arasında təhsil sahəsində də strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcək. Yeni təhsil ocağı tələbələrimizə İtaliyanın qabaqcıl universitetlərinin təcrübəsindən faydalanmaq imkanı yaradacaq. Ən önəmlisi isə odur ki, universitetdə tədris olunacaq proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksək ixtisaslı kadrların hazırlanmasına şərait yaradacaq”.
Deputatın sözlərinə görə, universitet kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, nəqliyyat və infrastruktur, memarlıq və şəhərsalma, dizayn, sosial elmlər, biznesin idarə edilməsi, italyan dili və mədəniyyəti də daxil olmaqla bir çox sahədə müasir bilik və texnologiyaların tətbiqi üçün mühüm elm mərkəzinə çevriləcək:
“Bu baxımdan, İtaliya-Azərbaycan Universitetində hazırlanacaq
mütəxəssislər ölkə iqtisadiyyatının inkişafına mühüm töhfələr
verəcək. Hazırda Azərbaycanın iqtisadiyyatında bu istiqamətlər üzrə
peşəkar kadrlara böyük ehtiyac var. Yeni universitet həmin
kadrların məhz yerli mütəxəssislər hesabına formalaşmasına xidmət
edəcək”.
O əlavə edib ki, universitetin yaradılması təkcə dövlətlərarası
münasibətlərin möhkəmlənməsinə deyil, eyni zamanda Azərbaycan və
İtaliya xalqları arasında dostluq və əməkdaşlıq əlaqələrinin
dərinləşməsinə də töhfə verəcək. “Gələcəkdə bu universiteti
bitirəcək tələbələr iki ölkə arasındakı əlaqələrin inkişafında
xüsusi rol oynayacaqlar”.