Bakı. Trend:
Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Fizzə Baxışova Nazirliyin rəsmi saytına müsahibə verib.
Trend həmin müsahibəni təqdim edir:
- Bildiyiniz kimi, oktyabrın 3-ü Ümumdünya Alkoqolizmlə Mübarizə Günüdür. Beynəlxalq günün tarixi haqqında qısa məlumat verərdiniz...
- Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ciddi problemə
ictimaiyyətin nəzərini cəlb və həll yollarını müəyyən etmək üçün
hər il 3 oktyabr tarixi Ümumdünya Alkoqolizmlə Mübarizə Günü kimi
qeyd edilir.
Bu tarix təsadüfən seçilməyib. 3 oktyabr 1887-ci ildə bütün
həyatını alkoqolizmlə mübarizəyə həsr edən görkəmli amerikalı
ictimai xadim Con Finç vəfat edib.
- Doktor, alkoqolizm xəstəliyinin yaranma səbəbləri hansılardır?
- Xroniki alkoqol qəbulu hər zaman şəxsin daxili psixoloji, fizioloji, mənəvi problemləri haqda məlumat verir. Fizioloji səbəblərə genetik faktorlar, baş beynin müxtəlif xəstəlikləri, nevroloji, psixi pozuntular aiddir. Alkoqolizmin əmələ gəlməsində sosial faktorlara əsasən şəxsin olduğu mühit vacib rol oynayır. Bunların hamısı tez bir zamanda asılılığa səbəb olur. Digər amil isə insanın gözləntilərini doğrultmayan reallıqdan qaçmaq və eyni zamanda həyatın həqiqətləri ilə üzləşməmək üçün spirtli içkilərə üstünlük verməsi kimi psixoloji amildir.
- Alkoqolizmin mərhələləri barədə məlumat verərdiniz...
- Alkoqol asılılığın formalaşması fərqli olub, şəxsin psixi və
fiziki vəziyyətindən asılıdır. İlk mərhələdə orqanizm alkoqolun
toksik təsirlərinə qarşı mübarizə aparır. Etanol və onun parçalanma
məhsullarının uzun müddətli qanda olması sonradan beyin toxumasına
təsiri nəticəsində ilkin olaraq psixi asılılıq, sonrakı dövrdə isə
fiziki asılılıq yaranır.
İlkin dövrdə alkoqol qəbulu eyforiya hissi yaradır. Bu zaman şəxs
özünü daha rahat hiss edir, sanki özgüvəni artır. Lakin bütün bu
hisslər müvəqqəti xarakter daşıyır və spirtin təsiri aradan
qalxdıqdan sonra azalır.
Təkrar-təkrar eyforiya əldə etmək istəyi alkoqol asılılığının
inkişafına gətirib çıxarır. O zaman şəxs daimi olaraq alkoqol
haqqında düşünür, onu qəbul etmək anını səbirsizliklə gözləyir. Bu
mərhələ psixi asılılıq dövrünə təsadüf edir.
Sonrakı mərhələdə psixi asılılıq fiziki asılılıqla əvəz olunur. Bu
zaman əsas əlamətlər əldə titrəmə, baş ağrısı, əmək qabiliyyətinin
azalmasıdır. Bu mərhələdə insan eyforiyaya nail olmaq üçün spirtli
içkinin dozasını artırır. Nəticədə, şəxs tamamilə spirtli içkidən
asılı olaraq işə, doğmalarına, dostlarına qarşı laqeyd olur.
- Alkoqolizm nə kimi fəsadlar yaradır?
- Spirtli içkilərə həddindən artıq aludəçilik 200-dən çox
xəstəliklərin yaranmasının başlıca amilidir. Spirtli içkilərin
tərkibindəki etanolun kanserogen olduğu və orqanizmdə xərçəng
riskini artırdığı elmi cəhətdən sübut edilib. Bundan əlavə,
alkoqolizm ürək damar xəstəliklərinin yaranmasının 25%-ni təşkil
edir. Alkoqoldan sui-istifadə ürək əzələlərinin distrofik piy
degenerasiyasına səbəb olur. Bu da koronar damar xəstəliyinə,
miokard infarktına, stenokardiyaya gətirib çıxarır.
Bundan əlavə, alkoqolizm ilə mədə mukozası əziyyət çəkir və mədənin
sekretor, motor və enzimatik funksiyaları pozulur. Alkoqol
qaraciyər üçün xüsusilə zərərlidir. Spirtli içki qəbul etdikdə
hepatit ağırlaşır, qaraciyər sirrozu daha tez inkişaf edir,
pankreatit baş verir, mədəaltı vəzinin zədələnməsi səbəbindən
şəkərli diabet tez-tez inkişaf edir. Alkoqol baş beyində biokimyəvi
dəyişiklik yaradaraq neyronların ölümünə səbəb olur. Bu zaman
koqnitiv proseslər, yuxu sistemi, davranışda dəyişikliklərə gətirib
çıxarır.
- Alkoqolizmin ümumi sosial nəticələri haqqında məlumat verərdiniz...
- Alkoqol istehlakı təkcə fərdin sağlamlığına deyil, onun daxili
orqanlarını və bədən sistemlərini məhv etməklə yanaşı, bütövlükdə
cəmiyyətə də neqativ təsir göstərir. Spirtli içkilərin sistematik
qəbulu, hətta epizodik belə insan sağlamlığına, ailədə
konfliktlərə, hətta bəzi ailələrin dağılmasına gətirib çıxarır.
Daimi spirtli içki qəbulu ağır intoksikasiyaya, xronik
xəstəliklərin yaranmasına səbəb olur.
Alkoqol təsiri altında insanlar cəmiyyət qarşısında məsuliyyət
hissini itirir. Nə qədər spirtli içki qəbulu yüksək olur, o qədər
də asosial davranışlar artır. Bunlardan ən təhlükəlisi sərxoş
vəziyyətdə maşını idarə etməkdir.
- Alkoqolizmin müalicə və reabilitasiyası nə qədər effektivdir?
- Alkoqol asılılığı digər asılılıqlarda olduğu kimi, öz
mürəkkəbliyi ilə seçilir. Məhz buna görə narkoloji xəstəliklərin
müalicəsinə kompleks yanaşma tələb olunur. Müalicə zamanı ilkin
olaraq xəstənin vəziyyətinin stabilləşdirilməsinə yönəldilən
intensiv terapiya aparılır. Bu mərhələdə müalicənin effektivlik
meyarı orqanizmin həyatı funksiyalarının bərpasından ibarətdir.
Növbəti mərhələdə bərpa və residivə qarşı müalicə aparılır.
Məhz bu mərhələlərdən sonra xəstə reabilitasiya mərhələsinə hazır
olur. Reabilitasiya xəstənin maksimal dərəcədə həyata
uyğunlaşmasına yönəlmiş kompleks tibbi, sosial tədbirlərdən
ibarətdir. İlk dəfə Amerikada 1935-ci ildə Robert Smit və Bill
Uilson tərəfindən ”Anonim Alkoqoliklər” (“Alcoholics Anonymous”)
birliyin əsası qoyulub. Bu birlik 12 addımlı bərpa proqramı və ya
Minnesota proqramı üzrə fəaliyyət göstərir.