...

AzMİU-nun professoru Nigar Aslanova “riyaziyyatın Məkkəsi” sayılan Filds İnstitutunda elmi ezamiyyətdə olub (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2025 17:14 (UTC +04:00)
AzMİU-nun professoru Nigar Aslanova “riyaziyyatın Məkkəsi” sayılan Filds İnstitutunda elmi ezamiyyətdə olub (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) elmi işlər üzrə prorektoru, Ali riyaziyyat kafedrasının professoru Nigar Aslanova Kanadanın nüfuzlu Filds Riyaziyyat Elmi Tədqiqat İnstitutunda “qonaq alim” statusunda elmi ezamiyyətdə olub.

Professor Nigar Aslanovanın Filds İnstitutuna qonaq alim qismində dəvəti bu sahədə Azərbaycan universitetləri tarixində ilk hadisədir. Belə ki, ilk dəfə olaraq ölkəmizdə olan universitetlərdən bir alim “riyaziyyatın Məkkəsi” hesab edilən bu elm mərkəzinə rəsmi şəkildə dəvət olunub. Onu Toronto Universitetinin (Toronto Universiteti dünya universitetləri reytinqində 21-ci yerdədir) Riyaziyyat kafedrasının professoru, Kanada Royal Cəmiyyətinin Con L.Singe mükafatçısı, Filds İnstitutu mükafatçısı Maykl Siqal dəvət edib və tərəflər birgə “Operator əmsallı diferensial tənliklərin spektral analizi” mövzusunda gələcək birgə tədqiqat istiqamətlərini müəyyənləşdiriblər.

Səfər çərçivəsində professor Nigar Aslanovaya institutun zəngin kitabxanasından istifadə, dünya səviyyəli alimlərlə müzakirələr aparmaq, seminarlarda elmi nəticələri ilə məruzə etmək və beynəlxalq elmi mühitdə fəaliyyət göstərmək imkanı yaradılıb.

Bundan başqa Nigar Aslanova “Filds İnstitutunun Elmi işçisi” müsabiqəsinə də müraciət edib və tədqiqat mövzusunun aktuallığı, yüksək elmi potensialı nəzərə alınaraq qalib elan olunub. Nəticədə o, 2026-cı ildə Filds İnstitutunda qrant əsasında 1 aylıq elmi işçi kimi fəaliyyət göstərmək imkanı qazanıb. Bu uğur da Azərbaycan universitetləri tarixində ilk hadisədir.

Xatırladaq ki, sözügedən müsabiqənin ilk azərbaycanlı qalibi bundan öncə dünya şöhrətli azərbaycanlı alim, hazırda AzMİU rektorunun müşaviri vəzifəsində çalışan professor Məsud Əfəndiyev olub. Onun Filds İnstitutunun əməkdaşları və rəhbərliyi ilə sıx əlaqələri mövcuddur. Onun AzMİU alimlərinin bu institutla, həmçinin digər beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin qurulmasında xüsusi xidmətləri var.

Professor Nigar Aslanova ezamiyyəti müddətində Kanadanın aparıcı universitetlərində bir sıra faydalı görüşlər də keçirib. O, Toronto Universitetində professor M.Siqal, professor A.Naxman, York Universitetində professor M.V.Vonq, Mak Master Universitetində professor D.Pelinovski ilə görüşlər keçirib, elmi müzakirələr aparıb və seminarlarda son nəticələrini məruzə edib.

Nigar Aslanova Dünyada komüter elmləri sahəsində önəmli Universitetlərdən olan Voterloo Universitetində kompyuter elmləri məktəbibin direktoru R.Bautaba ilə də görüşlər keçirib. Bu görüşlərdə kompüter elmləri, informasiya texnologiyaları və süni intellekt sahələrində AzMİU ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bundan əlavə, AzMİU prorektoru Filds İnstitutunun direktoru Deirdre Haskell ilə görüşərək universitemizlə Filds İnstitutu arasında əməkdaşlıq imkanlarını dəyərləndirib.

Professor Nigar Aslanovanın bu uğurları AzMİU-nun tədqiqat yönümlü universitetə çevrilməsi strategiyasının mühüm tərkib hissəsidir. Universitet rəhbərliyinin təşəbbüsü ilə beynəlxalq elmi əməkdaşlığa, qabaqcıl elmi mərkəzlərlə əlaqələrin qurulmasına və azərbaycanlı alimlərin qlobal elm məkanına inteqrasiyasına xüsusi önəm verilir.

Qeyd edək ki, AzMİU-nun beynəlxalq elmi şəbəkəyə qoşulması, Azərbaycanın riyaziyyat və texniki elmlər sahəsində dünyada tanınmasına da mühüm töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti