...

Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturunun əsasını suni intellekt və ağıllı şəhərlər təşkil edəcək - İlqar Musayev

Cəmiyyət Materials 9 Oktyabr 2025 10:17 (UTC +04:00)
Yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturunun əsasını suni intellekt və ağıllı şəhərlər təşkil edəcək - İlqar Musayev
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“CIDC-2025” dövlət qurumlarını, kritik infrastrukturları, maliyyə və telekommunikasiya sektorunu, özəl şirkətlər və beynəlxalq tərəfdaşları bir araya gətirən strateji platformadır. Bu platforma Azərbaycanın kibertəhlükəsizlik sahəsində qabaqcıl mövqeyini daha da möhkəmləndirməklə yanaşı, yeni imkanlar və yeni tendensiyalar da formalaşdırır.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev “CIDC 2025 – Critical Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Xidmət rəisi bildirib ki, son illər dünyada və bölgəmizdə baş verən geosiyasi və texnoloji proseslər informasiya təhlükəsizliyini və kritik infrastrukturların müdafiəsini dövlətlərin milli təhlükəsizlik gündəliyinin ən ön sırasına gətirib.

“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” bu istiqamətdə əsas yol xəritəmiz olmaqla dövlətimizin informasiya məkanında davamlılığın, dayanıqlığın və etibarlılığın təmin olunmasına xidmət edir.

Məhz bu baxımdan CIDC-2025 çərçivəsində təşkil edilən tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Burada kritik informasiya sistemlərinin kibermüdafiə qabiliyyətinin artırılması, böhran vəziyyətlərində idarəetmə ssenarilərinin simulyasiya olunması və yeni texnoloji yanaşmaların tətbiqi reallaşdırılır.

İlqar Musayev vurğulayıb ki, buiki tədbir iştirakçılara və ziyarətçilərə daha geniş və əhatəli imkanlar təqdim edir:

“İki gün ərzində informasiya təhlükəsizliyi sahəsində həm yerli, həm də xarici ekspertlərin iştirakı ilə 10 təqdimat və 5 panel müzakirəsi keçiriləcəkdir. Bundan əlavə, 60-dan çox şirkətin qatıldığı kibertəhlükəsizlik həlləri sərgisi, virtual CTF yarışları, 360 mütəxəssisə ödənişsiz xüsusi ekspert təlimlərinin təşkili və “Ağıllı şəhərlərdə kibermüharibə” adlı virtual yarış proqramın əsas hissələrini təşkil edir. Bu yarışın adı - “Ağıllı şəhərlərdə kibermüharibə” təsadüfi seçilməyib.

Artıq yaxın gələcəkdə ölkələrin rəqəmsal infrastrukturunun əsasını suni intellekt və maşın öyrənmə ilə idarə olunan ağıllı şəhərlər təşkil edəcəkdir. Yarışda Bakı şəhərinin hava, quru və su sahələrini əhatə edən kritik infrastrukturları virtual olaraq simulyasiya edilmişdir. Yarış iştirakçıları bu infrastrukturların informasiya təhlükəsizliklərini analiz edərək onların zəifliklərini aşkarlamalıdırlar.

Hazırda enerji idarəetmə sistemlərindən tutmuş nəqliyyat şəbəkələrinə, səhiyyədən təhsil sistemlərinə qədər bir çox sahə sürətlə rəqəmsallaşır. Amma bu sistemlərin hər biri kibermühitdə potensial hədəfə çevrilə bilər. Kibertəhlükəsizlik məsələləri bu gün sadəcə texniki məsələ deyil — milli təhlükəsizlik məsələsinə çevrilməkdədir. Bu baxımdan keçiriləcək “Ağıllı şəhərlərdə kibermüharibə” yarışı xüsusi əhəmiyyət daşıyır.

20 yerli və 5 xarici ölkədən iştirak edən komandalar bu yarışda öz bilik və bacarıqlarını real ssenarilər üzərində sınaqdan keçirəcəklər. Bu yarış yalnız bir rəqabət platforması deyil — həm də öyrənmək, təcrübə toplamaq və əməkdaşlığı gücləndirmək üçün mühüm fürsətdir.

O qeyd edib ki, “CIDC-2025” informasiya təhlükəsizliyi mütəxəssislərinin, dövlət və özəl sektorun, akademik dairələrin və gənc nəsilin bir araya gəldiyi unikal bir platformadır.

“Əminəm ki, bu tədbir ölkəmizin kibertəhlükəsizlik ekosisteminin inkişafına, kritik infrastrukturun etibarlı müdafiəsinə və Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək”, - deyə İ.Musayev fikrini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti