akı.Trend:
Uşaqların sığınacaqlara yerləşdirilməsi yalnız sonuncu variant olmalıdır.
Trend xəbər verir ki, bu fikirləri bu gün “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” adlı mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, dünyaya uşaq gətirmək böyük məsuliyyətdir.
“Biz istəyirik ki, heç bir uşaq ailəsindən ayrı düşməsin. Valideynlər unutmamalıdırlar ki, dünyaya uşaq gətirmək çox böyük məsuliyyətdir. Bu, bir insanın taleyinə və gələcəyinə birbaşa təsir edən addımdır. Əgər ailə müəyyən çətinliklərlə üzləşirsə, uşağı tərk etmək, küçəyə atmaq və ya məsuliyyətdən qaçmaq çıxış yolu deyil”, - deyə Komitə sədri qeyd edib.
Bahar Muradova vurğulayıb ki, regionlarda uşaq sığınacaq mərkəzlərinin sayının artırılmasına və şəraitinin yaxşılaşdırılmasına ehtiyac var.
“Bu məqsədlə müvafiq təkliflər artıq əlaqədar qurumlara təqdim olunub. Lakin onların reallaşdırılması müəyyən maliyyə vəsaiti tələb edir. Əsas məqsədimiz odur ki, uşaqların rifahı, təhlükəsizliyi və sağlamlığı daim diqqət mərkəzində saxlanılsın. Biz də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”, - deyə o əlavə edib.
                            