Bakı. Trend:
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində öz əksini tapıb.
Bildirilir ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.
                            