...

Azərbaycan “Destination Azerbaijan” mesajını Çində genişləndirməyə hazırlaşır

Cəmiyyət Materials 17 Noyabr 2025 11:28 (UTC +04:00)
Azərbaycan “Destination Azerbaijan” mesajını Çində genişləndirməyə hazırlaşır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Mədəni mübadiləmiz təkcə turizm və nəqliyyatla məhdudlaşmır, insanların bir-biri ilə əlaqələrinin inkişafı kimi ən vacib istiqaməti də əhatə edir.

Trend xəbər verir ki, bu fikirləri bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox turizm şirkətinin və yerli turizm sənayesi üzvlərinin iştirakı ilə keçirilən “China Visitors Summit”də Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid deyib.

O qeyd edib ki, artıq qeyd olunduğu kimi, Çin bu gün dünyada ən böyük xarici turizm bazarıdır. Azərbaycanın bu geniş bazardakı payı isə davamlı şəkildə artır və potensialımız həqiqətən böyükdür: “Qarşılıqlı vizasız rejim şübhəsiz ki, bu artımı dəstəkləyən əsas faktorlardan biridir. Bu, Azərbaycanı Çinli turistlər üçün üstün turizm istiqaməti kimi mövqeləndirmək baxımından bizə unikal imkan yaradır”.

O vurğulayıb ki, Azərbaycanı tanıtmaqla yanaşı, yerli turizm partnyorlarımızın Çinli səyahətçilərin spesifik tələblərinə tam hazır olmasını təmin etmək də vacibdir:

“Bütün turizm dəyər zənciri boyunca gözləntilər aydın şəkildə müəyyən olunub: peşəkar çin dili bilən bələdçilərdən tutmuş ölkə daxilində rahat istiqamətləndirməyə, müasir və komfortlu otellərə, rahat ödəniş sistemlərinə və onların zövqlərini əks etdirən qida seçimlərinə qədər artıq mühüm addımlar atmışıq”.

Zenqstşmid deyib ki, 2018-ci ildə Azərbaycan Turizm Bürosu yaradıldığı vaxtdan bəri biz Çində turizm və media sektorlarında geniş və güclü tərəfdaş şəbəkəsi qurmaq üçün ardıcıl fəaliyyət göstəririk:

“Bu il dünyanın aparıcı onlayn turizm xidmətləri təminatçılarından biri olan Trip.com Group tərəfindən iki nüfuzlu mükafata layiq görülməyimiz bizim üçün böyük qürur mənbəyidir. Keçən həftə İstanbulda həmin mükafatlardan birini şəxsən almaq şərəfinə nail oldum. Bu, Azərbaycanın Çin bazarındakı mövqeyinin güclənməsində və münasibətlərin inkişafında əldə etdiyi davamlı irəliləyişi göstərir”.

F. Zenqstşmid əlavə edib ki, bu tərəfdaşlıqları Trip.com, Qunar, Fliggy kimi əsas platformalarla əməkdaşlığımızı genişləndirməklə, həmçinin WeChat, Douyin, Weibo və Xiaohongshu kimi sosial platformalarda lokal kampaniyalarla daha da dərinləşdiririk.

“Bu il Çinin altı şəhərini əhatə edən iki böyük roadshow, müxtəlif bölgələrdə dörd təqdimat seminarı və həm turizm şirkətlərinin nümayəndələri, həm də jurnalistlər üçün tanışlıq səfərləri təşkil etdik.

Gələcək planlarımıza gəlincə, 2026-cı ilin əvvəlində Çində ofisimizin açılması xüsusi əhəmiyyət daşıyan bir addım olacaq. Bu, şübhəsiz ki, bizim həmin bazardakı mövcudluğumuzu daha da gücləndirəcək, fəaliyyətimizi intensivləşdirəcək və “Destination Azerbaijan” mesajını daha geniş auditoriyaya çatdırmağa imkan verəcək”, - o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti