Bakı. Trend:
Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holdinq şirkətlərindən olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir.
Layihənin məqsədi şagird və müəllimlər arasında internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf etdirilməsidir.
Layihə çərçivəsində növbəti təlim Qusar rayonu Hil kənd tam orta məktəbində keçirilib. Korporativ sosial məsuliyyət layihələri çərçivəsində keçirilən tədbirdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və müəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim olunub.
İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraq real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib. Təlimlərə, həmçinin Qusar rayonunun qonşu kənd məktəblərinin – Yasab və Piral kəndlərinin müəllim və şagirdləri də qatılıblar.
Layihə çərçivəsində növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi planlaşdırılır.